ABŞ və Rusiya prezidentləri videokonfrans rejimində danışıqlar aparacaqlar
ABŞ və Rusiya prezidentləri videokonfrans rejimində danışıqlar aparacaqlar

 

ABŞ və Rusiya prezidentləri bu gün videokonfrans rejimində danışıqlar aparacaqlar. Ağ Evin mətbuat katibi, Cen Psakinin brifinqdə də bildirdiyi kimi, danışıqların əsas mövzusu Ukrayna sərhədi boyunca Rusiya hərbi birləşmələrinin konsentrasiyası olacaq.

Ağ Evin nümayəndəsinin sözlərinə görə, bu onlayn görüş prezident Bayden üçün “ABŞ-ın Rusiyanın Ukrayna sərhədindəki hərbi fəaliyyəti ilə bağlı narahatlığını vurğulamaq və ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləmək” fürsətidir.

Cen Psakinin verdiyi məlumata görə, danışıqlar zamanı həmçinin ABŞ-Rusiya əlaqələrinin bir çox məsələləri, o cümlədən strateji sabitlik, kibercinayətkarlıq və regional problemlər müzakirə olunacaq.

Rusiyanın Ukraynaya müdaxiləsi halında nəzərdə tutulan tədbirlərdən danışarkən, Ağ Evin nümayəndəsi bildirib ki, ABŞ tərəfdaşları ilə birlikdə iqtisadi sanksiyalar və “əgər prezident Putin irəliyə doğru addım atmağa qərar verərsə” o zaman atıla biləcək digər addımları müzakirə edəcək. Bununla yanaşı, Psakinin sözlərinə görə, ABŞ-ın məqsədi danışıqlar zamanı Rusiya tərəfini diplomatik yolla Ukrayna ilə sərhəddə qoşunların səfərbər edilməsini dayandırmağa inandırmaqdır.

Öz növbəsində Kremldə bildirirlər ki, Vladimir Putinin Baydenlə onlayn görüşü zamanı NATO-nun şərqə doğru genişlənməməsinin təminatları müzakirə olunacaq.

“Bu, həmkarlarımızla, aparıcı ölkələrlə, NATO-nun şərqə hər hansı bir şəkildə uzanmasını və Ukrayna da daxil olmaqla, Rusiya ilə həmsərhəd ərazilərdə bizə birbaşa təhlükə yaradan silah sistemlərinin yerləşdirilməsinə mane olacaq müvafiq hüquqi razılaşmalar əldə etmək təklifimizdir”-bu barədə ötən həftə Putinin köməkçisi Yuri Uşakov bildirib.

Bununla yanaşı, Kremlin mətbuat katibi Dmitri Peskovun verdiyi məlumata görə, Əfqanıstan, İran, Livan, Suriyadakı vəziyyət və ikitərəfli münasibətlər müzakirə olunacaq məsələlər sırasındadır.