ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun layihəsini təsdiqləyib
ABŞ Senatı Rusiya Federasiyasından zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun layihəsini təsdiqləyib.
“Bloomberg”in məlumatına əsasən, sənəd qüvvəyə mindikdən 90 gün sonra zənginləşdirilmiş uranın Rusiyadan ABŞ-a idxalını qadağan edir. Hərçənd, 2028-ci ilin yanvarına qədər müvəqqəti istisnalara icazə verilir.
Qeyd edək ki, Konqresdə Rusiyadan xammalın idxalına məhdudiyyətlərin tətbiqi şərtilə ABŞ-ın uran sənayesinin inkişafı üçün istifadə olunacaq 2,7 milyard dolların ayrılması müzakirə edilib.
ABŞ-ın Energetika Departamentinin bəyanatına görə, Rusiya zənginləşdirilmiş uranın əsas xarici tədarükçüsüdür və bu, Rusiya iqtisadiyyatını ildə təxminən bir milyard dollarla təmin edir.
Qanun layihəsini ABŞ prezidenti Co Bayden imzalamalıdır.