ABŞ Senatı 2023-cü ilin büdcəsini təsdiqləyib, sənəd Ukrayna və Gürcüstana maliyyə yardımını nəzərdə tutur
ABŞ Senatı Ukraynaya təxminən 45 milyard dollar həcmində yardımı nəzərdə tutan gələn ilin büdcəsini təsdiqləyib. “Reuters” agentliyi 68 senatorun sənədi dəstəkləməsi, 29 senatorun isə əleyhinə səs verməsi barədə məlumat yayır.
Qanun layihəsində Ukraynaya hərbi yardım üçün 23,5 milyard dollar ayrılıb. Ümumilikdə isə, Ukrayna müharibəsi ilə bağlı hərbçilərin təlimi, təchizat, maddi-texniki təminat, kəşfiyyat dəstəyi və ehtiyacın görülməsini əhatə edən müddəa 44,9 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutur.
Bununla yanaşı, ABŞ-ın 2023-cü ilin büdcə layihəsi Gürcüstana yardım şəklində ən azı 132 milyon 25 000 dollar ayrılmasını nəzərdə tutur.
Büdcə 1,7 trilyon dollar təşkil edir. İndi sənəd təsdiqlənməsi üçün Nümayəndələr Palatasına göndərilməlidir. Sonra isə prezident Co Bayden tərəfindən imzalanmalıdır.
Büdcəni təsdiq etməzdən əvvəl Senat rus oliqarxlarından ələ keçirilən maliyyə aktivlərinin özgəninkiləşdirilməsindən əldə edilən gəlirlərin Ukraynaya verilməsini nəzərdə tutan düzəlişi də təsdiqləyib.