ABŞ Rusiya kəşfiyyat rəsmilərini Ukraynaya kiberhücumlarda ittiham edib
ABŞ Rusiya kəşfiyyat rəsmilərini Ukraynaya kiberhücumlarda ittiham edib

ABŞ beş Rusiya kəşfiyyatçısını və bir Rusiya vətəndaşını Ukraynanı zəiflətmək üçün Ukraynaya və onun müttəfiqlərinə qarşı kiberhücumlar hazırlamaqda ittiham edib. Məlumatı “Reuters” yayıb.

Ədliyyə Departamenti dərc edilən ittihamnamədə bildirib ki, Rusiya hərbi kəşfiyyat agentliyinin kiberqrupu 2020-ci ildən, hətta Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən əvvəl “geniş miqyaslı kiber əməliyyatlar” həyata keçirir.

İyun ayında ABŞ-ın Merilend Dairə Məhkəməsinə təqdim edilən ilkin ittiham aktında yalnız bir müttəhimin adı çəkilib. O, Rusiya Baş Qərargahının Baş İdarəsi (QRU) kimi tanınan Rusiyanın hərbi kəşfiyyat idarəsi ilə əlbir olaraq Ukrayna və digər ölkələrdə kompüter sistemlərinə kiberhücumlar həyata keçirməkdə ittiham olunurdu.

Məlumat üçün bildirək ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiya hökuməti tərəfindən maliyyələşdirilən “Rasha Today” beynəlxalq televiziya şəbəkəsinə və onun bir neçə əməkdaşına, o cümlədən telekanalın baş redaktoru Marqarita Simonyana qarşı sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyi açıqlamasında bildirib ki, sanksiyalar Moskvanın 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə cəhdinə cavab olaraq tətbiq edilib. On şəxs və iki təşkilata qarşı sanksiya tətbiq edilib.