ABŞ Çin telekommunikasiya şirkətlərinin Amerika telefon nömrələrinə birbaşa çıxışını qadağan etməyi planlaşdırır, Çin tərəfi isə ABŞ-ı səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edir

15:38, 30.10.2026

ABŞ Çin telekommunikasiya şirkətlərinin Amerika telefon nömrələrinə birbaşa çıxışını qadağan etməyi planlaşdırır. Bu barədə “Reuters” agentliyi məlumat yayır.

ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) bildirib ki, noyabrın 19-da “China Mobile”, “China Telecom”, “China Unicom” və digər IP texnologiyalarına əsaslanan xidmət təminatçıları üçün Amerika nömrələrinə birbaşa çıxışın qadağan edilməsini nəzərdə tutan təklifi səsverməyə çıxaracaq.

Bu tədbir dələduzluqla bağlı avtomatlaşdırılmış telefon zənglərinin qarşısını almağı hədəfləyir.

“Bu qərarla FCC zərərli aktorlara və qanunsuz avtomatlaşdırılmış telefon zənglərinə qarşı müdafiəmizin ilk xəttini gücləndirəcək”, – komissiyanın sədri Brendan Karr bildirib.

Çinin Xarici İşlər Nazirliyi isə bildirib ki, ABŞ tərəfindən bu qadağanın mümkün tətbiqinə qəti şəkildə qarşıdır. Nazirlik Vaşinqtonu milli təhlükəsizlik anlayışını həddindən artıq geniş şərh etməkdə və dövlət səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib. Qurumun qiymətləndirməsinə görə, bu, Çin şirkətlərinin fəaliyyətini məhdudlaşdırmağı hədəfləyir.

Oxşar