ABŞ Dövlət Departamentinin nümayəndələri Dəməşqdə “Həyat Təhrir əş-Şam”ın lideri Məhəmməd əl-Culani ilə görüşüb

18:14, 21.12.2024

ABŞ Dövlət Departamentinin nümayəndələri Dəməşqdə “Həyat Təhrir əş-Şam”ın lideri Məhəmməd əl-Culani ilə görüşüb.

ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Leaf bildirib ki, əl-Culani ilə danışıqlar nəticəsində ABŞ onun harada olduğu barədə məlumat üçün elan edilən 10 milyon dollar mükafatı geri götürəcək.

Barbara Leaf görüşün “pozitiv atmosferdə” keçdiyini vurğulayıb. Tərəflər Suriyada siyasi keçid dövrünün prinsiplərini, eləcə də regionda terror təhlükəsinin artmasının qarşısını almaq üçün tədbirləri müzakirə edə biliblər. Barbara Leafın sözlərinə görə, Əl-Culani bu şərtləri yerinə yetirməyə hazır olduğunu bildirib.

Bundan başqa, görüşdə Suriyaya qarşı sanksiyaların ləğvi məsələsi də müzakirə olunub. Barbara Leaf həmçinin qeyd edib ki, ABŞ İranın Suriyada yeni hökumətin formalaşmasına təsir göstərməsinə imkan verməyəcək.

Məlumat üçün bildirək ki, “Həyat Təhrir əş-Şam” qruplaşması Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatları siyahısına daxil edilib və ABŞ, digər Qərb ölkələri və Rusiya tərəfindən terrorçu kimi tanınıb.

Suriya prezidenti Bəşər Əsəd rejiminin devrilməsindən sonra “Həyat Təhrir əl-Şam” ölkənin əhəmiyyətli bir hissəsinə nəzarət edir.

Oxşar