“ABC” ABŞ prezidentliyinə namizədlər arasında debatların qaydalarını dərc edib
“ABC” ABŞ prezidentliyinə namizədlər arasında debatların qaydalarını dərc edib

 
“ABC” teleşirkəti ABŞ prezidentliyinə namizədlər arasında debatların qaydalarını dərc edib. Donald Tramp və Kamala Harris arasında debatlar sentyabrın 10-da keçiriləcək.

Kanalın jurnalistlərinin məlumatına əsasən, debatlar Filadelfiyada Milli Konstitusiya Mərkəzində keçiriləcək. Moderatorlar “World News Tonight”ın aparıcısı və baş redaktoru Devid Miur və “Prime” proqramının aparıcı Linsli Devis olacaq. Debatlar tamaşaçıların iştirakını nəzərdə tutmur və 90 dəqiqə davam edəcək, mikrofon isə yalnız çıxış növbəsi olan namizəd üçün açılacaq. Yalnız moderatorların sual vermək hüququ olacaq.

Jurnalistlərin qeyd etdiyi kimi, namizədlərin giriş sözü olmayacaq, yekun çıxışlar isə hər bir namizəd üçün iki dəqiqə davam edəcək. Hər bir suala cavab vermək üçün vaxt iki dəqiqə ilə məhdudlaşacaq, daha iki dəqiqə rəqibin bəyanatını təkzib etmək, daha bir dəqiqə isə dəqiqləşdirmək, aydınlaşdırmaq və ya cavab vermək üçün nəzərdə tutulub. Namizədlər debatlar zamanı tribunalarda dayanacaqlar, səhnədə isə heç bir rekvizit olmayacaq. Hər bir namizədə qələm, bloknot və su şüşəsi veriləcək.

Reklam fasilələri zamanı namizədlərin seçki qərargahının nümayəndələri namizədlərlə ünsiyyət qura bilməyəcəklər. Eyni zamanda telekanalın bildirişində namizədlərin bu qaydalarla razılaşıb-razılaşmaması göstərilmir.

Teleşirkətin məlumatına əsasən, sentyabrın 3-də səhnədəki yeri və yekun çıxışların sırasını müəyyən etmək üçün virtual lotereya keçirilib. Bu üstünlüyü Tramp əldə edib və o, sıranı seçib.