85 gürcü yanğınsöndürən-xilasedici rotasiya məqsədilə Türkiyənin Adıyaman şəhərinə yola düşüb
85 gürcü yanğınsöndürən-xilasedici rotasiya məqsədilə Türkiyənin Adıyaman şəhərinə yola düşüb

 

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin 85 yanğınsöndürən-xilasedicisi rotasiya məqsədilə Türkiyə Respublikasının Adıyaman şəhərinə yola düşüb.

Fövqəladə Halların İdarə Olunması Xidmətinin yaydığı məlumatda gürcü yanğınsöndürən-xilasedicilərin yeni qrupunun indiyədək zəlzələnin nəticələrinin aradan qaldırılması və xilasetmə işləri aparan yanğınsöndürən-xilasediciləri əvəz edəcəyi deyilir. Bölgədəki qərargah rəhbərləri və ixtisaslaşmış xilasedicilər fəaliyyəti davam etdirirlər.

Gürcü xilasetmə qrupu Adıyaman şəhərində iki sektorda xilasetmə əməliyyatı aparır. Bölgədəki sahə qərargahı Adıyaman şəhərinin operativ idarəetmə mərkəzi ilə koordinasiyalı şəkildə işləyir.

“Gürcü xilasedicilərin yeni qrupu zəlzələnin nəticələrinin aradan qaldırılması və xilasetmə tədbirlərinin həyata keçirilməsi istiqamətində təlim keçmiş yanğınsöndürən-xilasedicilərdən ibarətdir.

Xilasetmə qrupu həmçinin müasir akustik vasitələr, dronlar, rabitə avtomobilləri və hər cür müvafiq xüsusi xilasetmə avadanlığı ilə təchiz olunub.

Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Teimuraz Mğebrişvili gürcü yanğınsöndürən-xilasedicilərin xilasetmə fəaliyyətlərinin əlaqələndirilməsinə şəxsən rəhbərlik edir.

Gürcüstanın Baş nazirinin qərarına əsasən, xilasedici qrup Türkiyə Respublikasında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması və xilasetmə tədbirlərində iştirak edir”- deyə Fövqəladə Halların İdarə Olunması Xidmətinin məlumatında qeyd olunur.