4 oktyabr işi üzrə saxlanılan şəxslərdən səkkiz nəfər prosessual razılaşma əsasında həbsdən azad edilib
4 oktyabr işi üzrə saxlanılan 8 nəfər həbsdən azad edilib.
Məlumata görə, həbsdən azad olunan şəxslər bunlardır: Aleksandre Qogoladze, Goça Qataşvili, Sulxan Abralava, Ramaz Jorbenadze, Jandri Tirkiya, Qennadi Kelikhaşvili, Davit Qurtskaya və Eva Şaşiaşvili.
Onlar ittihamları etiraf ediblər və prokurorluqla prosessual razılaşma əldə olunub. İttiham tərəfi ilə bağlanan razılaşmaya əsasən, onlara 3 il sınaq müddəti (şərti cəza) tətbiq edilib.
İşin bu epizodu üzrə saxlanılan digər şəxslər isə ittihamları qəbul etməyib və hələ də cəzaçəkmə müəssisəsində qalırlar: Davit Sturua, Davit Jğenti, Zakro Albutaşvili, Kaxaber Mjavanaadze, Giorgi Çaxunaşvili, İa Daraxvelidze və Konstantine Kokaya.
Atoneli küçəsində Prezident sarayına daxil olmağa cəhd işi üzrə saxlanılan şəxslərə bir neçə maddə ilə ittiham irəli sürülüb. Bunlara strateji və xüsusi əhəmiyyətli obyektin qrup halında ələ keçirilməsinə cəhd, eləcə də qrup zorakılığında iştirak daxildir. Bu cinayətlər 6 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
4 oktyabr hadisələri ilə bağlı ümumilikdə 64 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 10 nəfərə, o cümlədən qrup zorakılığının təşkili ittihamı ilə saxlanılan siyasətçilərə artıq cəza təyin edilib. Hazırda ümumilikdə 22 nəfərlə prosessual razılaşma bağlanır.