309 576 lari dəyərində iki torpaq sahəsinin dələduzluq yolu ilə qeydiyyata alınması faktı üzrə 6 nəfər barəsində cinayət təqibi başladılıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, saxta sənədlərin hazırlanması və istifadəsi yolu ilə, külli miqdarda dövlət əmlakının dələduzluq yoluyla ələ keçirilməsi və vəzifə saxtakarlığı faktları üzrə 1-i keçmiş dövlət qulluqçusu olan 6 nəfər barəsində cinayət təqibi başladıblar.
“İstintaq nəticəsində, müqəssirlərin 2021-ci ildə Mtsxeta-Mtianeti bölgəsində, saxta sənədlərdən istifadə edərək, munisipalitetlərdən birinin nümayəndəsinin köməyi ilə, dələduzluq yoluyla 2256 m2 sahəsi olan 309 576 lari dəyərində iki torpaq sahəsini qeydiyyata aldığı məlum olub.
Təqsirləndirilən şəxslər tərəfindən həmçinin əlavə olaraq 6217 m2 sahəsi olan 5 torpaq sahəsinin dövlət qeydiyyatına alınması məqsədilə dövlət reyestrinə saxta sənədlər təqdim edilib ki, bunun da istintaq hərəkətlərinin operativ və effektiv şəkildə həyata keçirilməsi nəticəsində qarşısı alınıb” -deyə İstintaq Xidmətinin məlumatında deyilir.
İdarədən verilən məlumatda, qanuna-zidd şəkildə mənimsənilmiş torpaq sahələrinin dövlət mülkiyyətinə qaytarılması məqsədilə müvafiq prosedurların həyata keçirildiyi deyilir.
Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi, 362-ci maddəsinin 2-ci hissəsi və altı ildən doqquz ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 341-ci maddəsi ilə istintaq davam etdirilir.