2026-cı il imtahanlarına hazırlıq yekunlaşmaq üzrədir

17:25, 29.06.2026

Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzində 2026-cı il imtahanlarına hazırlıq işləri yekun mərhələdədir. Mərkəzin hazırladığı imtahan materiallarının böyük hissəsi artıq Gürcüstanın 12 şəhərində fəaliyyət göstərəcək 24 imtahan mərkəzinə göndərilib və həmin mərkəzlər zəruri avadanlıqlarla təchiz olunur.

Mərkəzin məlumatına görə, imtahan verəcək şəxslərin sayına uyğun olaraq cavab vərəqləri, qaralama üçün nəzərdə tutulmuş vərəqlər, həmçinin köməkçi materiallar – xəritələr və kimyəvi elementlərin dövri sistemi çap edilərək imtahan mərkəzləri arasında paylanıb. Bununla yanaşı, imtahan prosesi üçün lazım olan dəftərxana ləvazimatları, tibbi və təsərrüfat inventarı, səsucaldanlar, qulaqlıqlar və digər texniki vasitələr çeşidlənərək mərkəzlərə göndərilib. İmtahan kompüterlərinə xüsusi proqram təminatı da quraşdırılıb.

“Hazırda imtahan mərkəzlərində videokameraların quraşdırılması, eləcə də kompüter və elektrik avadanlıqlarının montajı davam edir.

İmtahanların təşkili ilə bağlı məsələlərin müzakirəsi məqsədilə təşkilat komitəsinin iclası keçirilib. İclas çərçivəsində müxtəlif dövlət qurumlarının nümayəndələri imtahanlara hazırlıq üzrə fəaliyyət planını, artıq görülmüş işləri və qarşıdakı tədbirləri müzakirə ediblər.

Mərkəz imtahan testlərinin sınaqdan keçirilməsini, imtahan prosesinə cəlb olunacaq əməkdaşların təlimini və testləşdirilməsini təmin edib. Bundan əlavə, abituriyentlərin məlumatlandırılması məqsədilə həm əyani, həm də onlayn formatda bir sıra məlumatlandırıcı görüşlər keçirilib.

Müstəqil ekspertlər tərəfindən təqdim olunmuş müraciət və sənədlərin araşdırılması əsasında imtahanlarda xüsusi şərait yaradılacaq şəxslərin ehtiyacları da müəyyənləşdirilib.

İmtahanlara hazırlıq işləri yaxın günlərdə tam başa çatacaq.

2026-cı ildə imtahan mərkəzləri 12 şəhərdə – Tbilisi, Batumi, Zuqdidi, Kutaisi, Poti, Axaltsixe, Qori, Ozurqeti, Rustavi, Telavi, Xulo və Ambrolauridə fəaliyyət göstərəcək. 2026-cı il üçün qeydiyyatdan keçənlərin ümumi sayı 82 mini ötüb”, – deyə Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin məlumatında bildirilir.

Oxşar