2023-cü ilin yanvarın 1-dən həkim və tibb bacıları üçün saatlıq minimum əmək haqqı tətbiq ediləcək
Gürcüstanın Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi tərəfindən verilən məlumatda bildirilir ki, 2023-cü ilin yanvarın 1-dən həkim və tibb bacıları üçün saatlıq minimum əmək haqqı tətbiq ediləcək. Belə ki, həkimlərin minimum əmək haqqı saatda yeddi lari, orta hesabla ayda 1260 lari, tibb bacılarının isə saatda 4,4 lari olmaqla, orta hesabla ayda 792 lari müəyyən ediləcək.
Nazirliyin məlumatında maaş artımının 9000-ə qədər həkim və 8000-dən çox tibb bacısını əhatə edəcəyi deyilir.
Nazirlikdən verilən məlumatda səhiyyə naziri Zurab Azaraşvilinin 2022-ci ilin əvvəlində tibb sektorunda çalışan şəxslər üçün əmək haqqının minimal həddinin müəyyən ediləcəyinin anonsunu verdiyi deyilir.
Bununla belə, nazirliyin məlumatında bildirilir ki, islahata əsasən, gələn ildən Ümumi Səhiyyə Dövlət Proqramına qoşulmuş bütün klinikaların rəhbərliyi həkim və tibb bacılarının əməkhaqqı məbləğini Səhiyyə Nazirliyi tərəfindən təqdim edilən minimum həddi nəzərə alaraq müəyyən etməyə borcludur. Yeni tənzimləməyə əsasən, maaş artımı 9 minə qədər həkim və 8 mindən çox tibb bacısını əhatə edəcək.
“Sözügedən qərar işçinin motivasiyasının və məhsuldarlığının artmasına əhəmiyyətli töhfə verəcək. Həmçinin, işçilərin iş şəraitini və tibbi xidmətlərin keyfiyyətini yaxşılaşdıracaq.
Səhiyyə Nazirliyi əmək haqqının minimal həddini müəyyən etmək üçün beynəlxalq təcrübəni öyrənib. Həmçinin, Gürcüstanda fəaliyyət göstərən müxtəlif özəl klinikaların təcrübələri ilə də tanış olub, bu təcrübəyə əsasən həkimin maaşı saatda 5,5-6,2 lari arasında dəyişir. Tibb bacılarının və digər tibbi personalın minimum əmək haqqının məbləği isə həkimin maaşı nəzərə alınmaqla müxtəlif faizlərlə müəyyən edilir.
İctimaiyyətə məlumdur ki, səhiyyə nazirinin qərarına əsasən, böyük dövlət klinikalarında – Tbilisi, Batumi və Ruxi Respublika xəstəxanalarında və Kutaisinin O. Chxobadze adına çoxprofilli mərkəzində avqustun 1-dən saatlıq minimum əməkhaqqı praktikası artıq tətbiq edilir, bəhsi keçən xəstəxanalarda işləyən tibb işçiləri üçün mövcud minimal əmək haqqı təxminə 30% artıb.
Tibb sahəsində çalışan hər bir işçinin maraqlarının təmin edilməsi, onlar üçün layiqli əməkhaqqının və iş şəraitinin yaradılması Səhiyyə Nazirliyinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə Səhiyyə Nazirliyi aktiv fəaliyyətini davam etdirir. Nazirliyin qərarına əsasən, həkim və tibb bacılarının minimum əməkhaqqı həddi növbəti illərdə mərhələli şəkildə artırılacaq. 2025-ci il üçün, həkimin minimum əmək haqqı saatda 9 lari, tibb bacısınınki isə 5,6 lari olacaq.
Qeyd etmək lazımdır ki, son illərdə bir çox ölkə aşağı əmək haqqı problemini aradan qaldırmaq və layiqli qazanc siyasətini həyata keçirmək məqsədilə, mövcud minimum əmək haqqı təcrübələrini gücləndirmiş və ya tətbiq etmişdir. BMT-yə üzv ölkələrin 90%-i minimum əməkhaqqı ilə bağlı razılığa gəlib” -deyə Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur.