2023-cü ilin sonundan Avropa ölkələrinə səyahət etmək istəyənlər icazə almalı və 7 avro ödəməli olacaqlar
2023-cü ilin sonundan Avropa ölkələrinə səyahət etmək istəyənlər icazə almalı və 7 avro ödəməli olacaqlar.
Yenilik ehtimal ki, noyabr ayından qüvvəyə minəcək və bu, 60-dan çox dövlətə, o cümlədən Şengen zonasına vizasız səyahət edən Gürcüstan vətəndaşlarına şamil ediləcək.
Avropa Komissiyasının rəsmi saytında qeyd edildiyi kimi, “Avropa Səyahət Məlumatı və Avtorizasiya Sistemində” (ETIAS) qeydiyyatdan keçmək üçün xüsusi elektron formanın doldurulması zəruri olacaq və müraciət təsdiqlənərsə, üç il müddətinə Avropaya səyahət icazəsi veriləcək. Səyahət müraciətinin yenidən doldurulması yalnız vətəndaş icazənin qüvvədə olduğu müddətdə hər hansı səbəbdən pasportunu dəyişdirdiyi təqdirdə zəruri olacaq.
Avropa Komissiyasının məlumatına əsasən Şengen zonasına daxil olmaq üçün 18-70 yaş arası şəxslərin 7 avro miqdarında ödəniş etməsi zəruri olacaq, 18 yaş altı və yaşı 70-dən yuxarı şəxslərə isə ödəniş şamil olunmayacaq.
Avropaya səyahət etməzdən əvvəl doldurulmalı olan elektron sorğu vərəqəsində vətəndaşlar şəxsi məlumatlarını, o cümlədən doğum yeri, doğum tarixi, ünvanı, telefon nömrəsi, təhsili və iş yerini göstərəcəklər. Müraciət edənlər həmçinin ilk olaraq səfər edəcəkləri Aİ-yə üzv dövlətinin adını çəkməli olacaqlar. Ərizə formasında sağlamlıq, cinayət qeydi və s. haqqında sualların verilməli olduğu sahə də olacaq. Avropaya səyahət üçün lazımi icazəni aldıqdan sonra onun çap edilməsi məcburi olmayacaq.
Avropa Komissiyasında yeni sistemin tətbiqi ilə Avropaya səyahətin daha təhlükəsiz olacağını bildirirlər.