2013-cü ilə qədər istehsal olunmuş avtomobillərin Gürcüstana idxalı məhdudlaşdırılacaq, məhdudiyyət artıq qeydiyyatda olan avtomobillərə şamil edilməyəcək
2013-cü ilə qədər istehsal olunmuş avtomobillərin Gürcüstana idxalı məhdudlaşdırılacaq, məhdudiyyət artıq qeydiyyatda olan avtomobillərə şamil edilməyəcək

 
2013-cü ilə qədər istehsal olunmuş avtomobillərin Gürcüstana idxalı məhdudlaşdırılacaq – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında açıqlayıb.

“Ölkədə avtomobillər üçün “Avro 5″ standartını tətbiq etmək qərarını verdik. Bu, praktikada 2013-cü ilə qədər istehsal olunmuş avtomobillərin idxalının məhdudlaşdırılması mənasına gəlir. Tənzimləmənin yüngül avtomobillər üçün 2024-cü ilin yanvarın 1-dən, avtobuslar və yük avtomobilləri üçün isə 2025-ci ilin yanvarın 1-dən qüvvəyə minməsi istəyimiz və qərarımızdır. Biz hələ də bunu müzakirə edirik”-deyə İrakli Ğaribaşvili açıqlayıb.

O, qeyd olunan tarixlərdən etibarən “Avro 5” standartından aşağı keyfiyyətli avtomobillərin artıq ölkədə qeydiyyata alına bilməyəcəyini bildirib.

“Əlbəttə, qəbul edilmiş qərar artıq ölkədə olan avtomobillərə, həm reeksport və tranzit məqsədilə gətirilən avtomobillərə şamil edilməyəcək”- deyə İrakli Ğaribaşvili qeyd edib.

Baş nazir sözügedən qərarın məqsədinin ətraf mühitin çirklənməsini azaltmaq olduğunu bildirib.

İrakli Ğaribaşvilinin açıqladığı kimi, ölkədə havanın iki problemli çirkləndiricisi var – bərk hissəciklər və azot dioksidi.

“Son dörd ilin ölçmələrinin nəticələri havanın azot dioksidi ilə çirklənməsinin əsas mənbəyinin məhz köhnəlmiş və nasaz işləyən avtomobil nəqliyyatı olduğunu bizə göstərir” -deyə baş nazir qeyd edib.

O, çirklənmənin ən yüksək göstəricilərinin Tbilisi və Gürcüstanın böyük şəhərlərində qeydə alındığını bildirib.