“Əziz uşaqlar, hər gün sizə həsr olunub. Biz böyüklərin əsas qayğısı sizin xoşbəxt uşaqlığınızın təmin edilməsi və arzularınızın gerçəkləşməsidir”, – bunu Givi Mikanadze bildirib
Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze uşaqları Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə təbrik edib.
“Əziz uşaqlarım, hər gün sizə həsr olunub. Biz böyüklərin əsas qayğısı sizin xoşbəxt uşaqlığınızın təmin edilməsi, arzu və istəklərinizin gerçəkləşməsidir. Məhz bu məsuliyyəti bir daha dərk etmək və uşaqların hüquqları ilə rifahının əhəmiyyətini vurğulamaq üçün hər il qlobal təşəbbüsə qoşulur və iyunun 1-də Beynəlxalq Uşaqların Müdafiəsi Gününü qeyd edirik.
Siz ölkəmizin gələcəyi, onun gücü və əsas ümidisiniz. Bizim borcumuz ölkədə sizin üçün elə bir mühit yaratmaqdır ki, burada dəyərli biliklər əldə edə, istedad və bacarıqlarınızı tam şəkildə üzə çıxara biləsiniz.
Qarşınıza cəsarətli məqsədlər qoyun, bilik əldə etməyi və yeni kəşflərə can atmağı heç vaxt dayandırmayın.
Sizə bütün qəlbimlə xoşbəxt, qayğısız, sevgi dolu uşaqlıq və həyat yolunuzda çoxsaylı uğurlar arzulayıram”, – deyə Mikanadze qeyd edib.