Ədliyyə Nazirliyindən verilən məlumatda Gürcüstan və Çexiyanın ədliyyə nazirlikləri arasında birgə bəyannamə imzalandığı deyilir
Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən verilən məlumatda Avropa İttifaqı Şurasının Praqada təşkil etdiyi nazirlər görüşü çərçivəsində başlanmış əməkdaşlığın bu gün birgə bəyannamənin imzalanması ilə davam etdirildiyi deyilir. Ədliyyə naziri Rati Breqadze müavinləri ilə birlikdə Çexiya nümayəndə heyəti ilə görüşüb. Sənədi Rati Breqadze və çexiyalı həmkarı Pavel Blajek imzalayıblar.
Nazirlikdən verilən məlumatda bildirilir ki, sənəd, ədliyyə sahəsində islahatlar və rəqəmsal idarəetməyə dəstək sahəsində əməkdaşlığı; Aİ qanunvericiliyi ilə yaxınlaşma prosesinin təşviqini; penitensiar, probasiya və cinayətlərin qarşısının alınması sistemlərinin səmərəli idarə edilməsini; hüquqi qarşılıqlı yardımı gücləndirməyi və digər istiqamətləri əhatə edir.
“Çexiyalı həmkarı ilə görüşdə Rati Breqadze Ədliyyə Nazirliyi üçün tərəfdaşlar ilə insan hüquqlarının müdafiəsinə əsaslanan yanaşmaların gücləndirilməsi, ədliyyə nazirliyi sistemində islahatların davam etdirilməsi, dövlət xidmətlərinin digitallaşdırılması və çıxışın artırılması, elektron idarəetmədə irəliləyiş kimi prioritet istiqamətlər üzrə ikitərəfli əlaqələrin qurulmasının vacib olduğunu açıqlayıb.
Ədliyyə naziri çexiyalı həmkarına Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesinə və onun ərazi bütövlüyünə davamlı dəstəyə görə təşəkkür edib. O bildirib ki, iki ölkə arasında institusional əməkdaşlığın gücləndirilməsi, o cümlədən Gürcüstan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması çox vacibdir” – deyə məlumatda qeyd olunur.
Nazirlikdən verilən məlumatda görüşdə tərəflərin həm Avropaya inteqrasiya, həm də ikitərəfli münasibətlərin dərinləşdirilməsi məsələlərini müzakirə etdikləri deyilir.
“Bu gün biz Gürcüstanın Kopenhagen meyarlarına necə cavab verməsini müzakirə etməyə davam etdik, bunu yerinə yetirdikdən sonra ölkə Aİ üzvlüyünə namizəd ölkə statusu alacaq. Demək olar ki, Gürcüstan bu şərtləri yerinə yetirmək üçün hər cür səy göstərir. Müvafiq olaraq, mən Avropa komissarını bu addımlar barədə məlumatlandıracağam. Rustavi cəzaçəkmə müəssisəsinə də baş çəkmək imkanım oldu, orada əmin oldum ki, gürcü penitensiar sistemi Avropa İttifaqının standartlarına cavab verir” -deyə Pavel Blajek bildirib.
Görüşün sonunda Rati Breqadze çexiyalı həmkarı ilə birlikdə hər il Tbilisi və Praqa tərəfindən növbə ilə keçiriləcək Gürcüstan-Çexiya Hüquq Forumunun yaradılması təşəbbüsünü də müzakirə edib.