Gürcüstanda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Gününün 30 illiyinə həsr olunan marafon keçirildi
Gürcüstanda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 30 illiyinə həsr olunan marafon keçirildi. Marafona Tbilisi şəhərində Heydər Əliyev adına parkda start verildi.
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş yarışda yaşı 18-dən yuxarı olan hər kəs iştirak edə bilərdi. Finiş xəttinə ilk olaraq kişilər arasında David Xarazişvili, qadınlar arasında isə Ketevan Samsonadze çatdı. Mükafatlandırma Rustavi şəhərindəki Heydər Əliyev adına parkda keçirildi. Marafon qaliblərinə müxtəlif hədiyyələr, kubok və sertifikatlar təqdim edildi.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Xarici işlər nazirinin müavini Laşa Darsalia, rəsmi şəxslər, habelə Gürcüstan ictimai xadimləri iştirak etdilər.
Marafon, Azərbaycanın Gürcüstandakı səfirliyi, Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi, SOCAR-ın Gürcüstandakı nümayəndəliyi, Azərbaycanlı İş Adamları Assosiasiyası, Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Xırdalan Musiqi Məktəbi, Bakı Marafon Klubu və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə birlikdə təşkil olunmuşdu.