Yevqeni Priqojin-Baxmut uğrunda döyüşdə 10 min keçmiş məhbus həlak olub
Yevqeni Priqojin-Baxmut uğrunda döyüşdə 10 min keçmiş məhbus həlak olub

Ukraynanın Baxmut şəhəri uğrunda gedən döyüşlərdə 10 min keçmiş məhbus həlak olub-bu sözləri “Vaqner” özəl hərbi şirkətinin yaradıcısı Yevqeni Priqojin deyib. Priqojin bunu rusiyalı hərbi blogerə müsahibəsində açıqlayıb.

Priqojinin sözlərinə görə, “Vaqner”ə 50 min məhbus qəbul olunub, onlardan 20 faizi ölüb. Onun sözlərinə görə, muzdlu döyüşçülərin digər kateqoriyalarında da oxşar itki payı var.

Xatırladaq ki, ötən həftənin sonunda Yevqeni Priqojin Baxmutu tamamilə ələ keçirdiyini açıqlamışdı. Rəsmi Kiyev Baxmutun rus qüvvələri tərəfindən zəbt olunduğunu təsdiqləmir. Ukrayna Baş Qərargahının məlumatına görə, Baxmut hərbi əməliyyatların episentri olaraq qalır.

Priqojin müsahibəsində onu da bildirib ki, iyunun 1-dən etibarən “Vaqner” döyüşçüləri Baxmut mövqelərini rus nizami ordusuna təhvil verərək Baxmutu tərk edəcəklər. Yevqeni Priqojinin fikrincə, Rusiya Ukraynanı demilitarizasiya etmək əvəzinə, Ukraynanı militarizasiyasına nail olub.