Ukrayna xarici borcun ödənilməsini müvəqqəti olaraq dayandırıb
Ukrayna xarici borcun ödənilməsini müvəqqəti olaraq dayandırıb

 
Ukrayna xarici borcun ödənilməsini müvəqqəti olaraq dayandırıb. Prezident Volodimir Zelenski müvafiq qanunu imzalayıb.

Qanuna əsasən, Ukraynanın oktyabrın 1-nə qədər təxminən 20 milyard dollar həcmində xarici öhdəliklərinin ödənilməsini dayandırmaq hüququ var. Ukrayna avqustun 1-də ilk borcunu ödəməli idi.

Ukraynanın Ali Radasının büdcə komitəsinin rəhbəri Roksolana Podlas bildirib ki, bu qanun layihəsi restrukturizasiyanın mühüm elementidir və bu, Ukraynaya 2027-ci ilə qədər suveren avrobondların ödənilməsinə 10 milyard dollar qənaət etməyə imkan verəcək.

O iddia edir ki, Beynəlxalq Valyuta Fondu bu qanuna dəstəyini bildirib.

Məlumat üçün bildirək ki, iyulun 22-də Ukrayna hakimiyyəti kreditorlarla xarici borcun bir hissəsinin restrukturizasiyası ilə bağlı razılığa gəlib. Ukraynanın Baş nazirinin bəyan etdiyi kimi, borc xidməti ödənişlərinin təxirə salınması nəticəsində qənaət edilən pul ölkənin gündəlik ehtiyaclarına sərf olunacaq. Rusiyanın irimiqyaslı müdaxiləsinin başlamasından sonra Ukraynanın xarici borcu kəskin artıb və 2023-cü ilin sonunda 141 milyard dollar təşkil edib.

Dünya Valyuta Fondunun proqnozuna əsasən, 2024-cü ildə Ukraynanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 100%-ni keçə bilər.