Şarl Mişel - Viktor Orbanın Ukraynada davam edən müharibə ilə bağlı danışıqlarda Avropa İttifaqının adından hərəkət etmək mandatı yoxdur
Şarl Mişel - Viktor Orbanın Ukraynada davam edən müharibə ilə bağlı danışıqlarda Avropa İttifaqının adından hərəkət etmək mandatı yoxdur

 
Avropa Şurasının Prezidenti Şarl Mişel Macarıstanın Baş naziri Viktor Orbanın məktubuna cavab verib və qeyd edib ki, Viktor Orbanın Ukraynada davam edən müharibə ilə bağlı danışıqlarda Avropa İttifaqının adından hərəkət etmək mandatı yoxdur. Bu haqda məlumatı “Reuters” yayır.

“Şuraya rotasiya ilə sədrlik edən ölkə ittifaqın beynəlxalq arenada təmsilçiliyində heç bir rola malik deyil və mandatı, ittifaqın adından fəaliyyət göstərmək üçün almayıb”-Şarl Mişel məktubda qeyd edib.

Bununla yanaşı, “Reuters”in məktuba istinadən yazdığı kimi, Mişel Avropa İttifaqının Ukraynaya yönəlik “müharibə tərəfdarı” siyasət yürütdüyü haqda Orbanın bəyanatını rədd edib.

“Bu, tam əksidir. Rusiya təcavüzkardır və Ukrayna isə qanuni özünümüdafiə hüququndan istifadə edən qurbandır”-Mişel yazır.

Avropa Şurasının Prezidenti bildirib ki, Ukrayna ilə bağlı heç bir müzakirə Ukraynasız keçə bilməz və Avropa İttifaqı “hərtərəfli, ədalətli və uzunmüddətli sülh üçün ardıcıl olaraq geniş beynəlxalq dəstək qazanmağa çalışırdı”.

“İttifaq bu kontekstdə bütün tərəfdaşlarla, o cümlədən Çinlə əlaqə yaratmaq üçün səylərini əsirgəmir”-Mişel yazır.

Məlumat üçün bildirək ki, Viktor Orban Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə Rusiya Federasiyası ilə diplomatik münasibətləri bərpa etməyi təklif etdiyi məktub göndərib.