Şalva Papuaşvili - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edirəm, Gürcüstanla Azərbaycan arasında əməkdaşlığın xalqlarımıza daha çox fayda gətirəcəyinə inanıram
Şalva Papuaşvili - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edirəm, Gürcüstanla Azərbaycan arasında əməkdaşlığın xalqlarımıza daha çox fayda gətirəcəyinə inanıram

 
Parlamentin sədri Şalva Papuaşvili Müstəqillik Günü münasibətilə Azərbaycan hakimiyyətini və xalqını təbrik edir.

Parlament sədrinin Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə qeyd etdiyi kimi, 1918-ci ildə Gürcüstan və Azərbaycan eyni vaxtda müstəqilliklərini elan ediblər və eyni vaxtda birinci respublikaların əsasını qoyublar.

“Müstəqillik Günü münasibətilə Azərbaycan hakimiyyətini, Azərbaycan xalqını, bütün Azərbaycanı ürəkdən təbrik edirəm. 1918-ci ildə bu yerdən cəmi bir neçə on metr uzaqda Gürcüstan və Azərbaycan eyni vaxtda müstəqilliklərini elan etdilər, eyni vaxtda birinci respublikaların əsasını qoydular və eyni vaxtda dövlətçiliyi qeyd etdilər. Təəssüf ki, bu sevinc uzun sürmədi. Hərçənd, xoşbəxtlikdən sovet işğalı iki xalqın dövlətçilik, kimlik və müstəqillik istəyini, ruhunu boğmağı bacarmadı. Sovet İttifaqı dağıldıqdan sonra ölkələrimiz yan-yana dayanmağın, çiyin-çiyinə çalışmağın, qarşılıqlı dostluq, qarşılıqlı yardımlaşmanın çətin və çağırışlarla dolu yolunu keçdilər. Tarixi çətinliklər ölkələrimiz və xalqlarımız arasında dostluğu sınadı və möhkəmləndirdi”- deyə parlamentin sədri bəyan edib.

O, bu gün bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, bütün istiqamətləri əhatə etdiyini və dinamik inkişaf etdiyini bildirib.

“Həmkarım Sahibə Qafarova ilə birlikdə parlamentlərarası münasibətləri uğurla inkişaf etdiririk. Bir sıra yüksək səviyyəli səfərlər və görüşlər keçirilib, dostluq qrupları ilə sektor komitələri arasında güclü əlaqələr mövcuddur. Biz bu müsbət tendensiyanı davam etdirməyə, iki ölkə üçün vacib və maraqlı mövzularda təcrübəmizi bölüşməkdə istəkliyik.

Ötən il şəxsən mən iki dəfə Azərbaycanda olmuşam. Səfərlər arasında kiçik vaxt fərqinə baxmayaraq, hər səfərdə ölkənin quruculuğu və inkişafının hiss olunmasına sevinirəm. Həmçinin, Bakıya hər səfərimi, xanım Qafarovanın qonaqpərvərliyini və səmimi qəbulu böyük ehtiramla yada salıram. Məhz bu münasibətlər bizə daha çox enerji ilə ölkələr və xalqlar arasında əlaqələrin dərinləşməsinin qayğısına qalmaq üçün əlavə stimul verir” – deyə Şalva Papuaşvili açıqlayıb.

Onun qiymətləndirməsinə əsasən, Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq ikitərəfli münasibətlər məsələlərindən kənara çıxır.

“Regional sülh və rifahı təmin etmək üçün sıx əməkdaşlıq edirik. Yalnız belə bir şəraitdə ölkələrimizin inkişafını uğurla davam etdirə və regionun potensialından tam şəkildə istifadə edə biləcəyik. Yalnız bu şəkildə Avropa ilə Asiya arasında möhkəm körpü qura və onun faydasından tam şəkildə yararlana biləcəyik.

Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını bir daha təbrik edirəm. Ölkənizə inkişaf, sülh və rifah arzulayıram.

Gürcüstanla Azərbaycan arasında əməkdaşlığın xalqlarımıza daha çox fayda gətirəcəyinə inanıram” – deyə parlamentin sədri Şalva Papuaşvili qeyd edib.