Rusiya ilə Qərb ölkələri arasında əsir mübadiləsi nəticəsində azad edilən amerikalılar vətənlərinə qayıdıblar
Rusiya ilə Qərb ölkələri arasında əsir mübadiləsi nəticəsində azad edilən amerikalılar vətənlərinə qayıdıblar

Rusiya ilə Qərb ölkələri arasında əsir mübadiləsi nəticəsində azadlığa çıxan amerikalılar öz vətənlərinə qayıdıblar. Onların təyyarəsinin endiyi Endryus Hərbi Hava Qüvvələri bazasında onları ABŞ ordusunun üzvləri, həmçinin ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harris qarşılayıb.

Azadlığa buraxılan amerikalılar arasında “Wall Street Journal”ın jurnalisti Evan Qerşkoviç və “Azadlıq” radiosunun jurnalisti Alsu Kurmaşeva, həmçinin 2018-ci ildən Rusiyada həbsdə olan keçmiş dənizçi Pol Uilan da var.

Endryus bazasında mediaya danışan Co Bayden, bunun ən çətin problem olduğu müttəfiqlərinə bir daha təşəkkür etdi.

“Mən onlardan bilavasitə maraqlarına zidd olan işlər görmələrini xahiş etdim. Xüsusilə də Almaniya və Sloveniyaya”, – Bayden bildirib.

ABŞ prezidentinin sözlərinə görə, Rusiyada həbs edilən şəxslərin azadlığa buraxılması “etimad” və “münasibətlər” əsasında mümkün olub.

Amerika mediası yazır ki, bu, “soyuq müharibə”dən sonra Rusiya, Belarus və Qərb ölkələri arasında ən böyük əsir mübadiləsi olub. Əsirlərin mübadiləsi Ankarada baş tutub. Mübadilə prosesində ümumilikdə 26 nəfər iştirak edib.

Rusiya amerikalılardan başqa rusiyalı müxalif siyasətçilər İlya Yaşin və Vladimir Kara-Murza, həmçinin Rusiya müxalifətinin lideri Aleksey Navalnının keçmiş qərargah rəisləri və hüquq müdafiəçisi Oleq Orlov da daxil olmaqla 16 nəfəri Qərb ölkələrinə təhvil verib. Minsk prezident Lukaşenkonun əfv etdiyi Almaniya vətəndaşı Riko Krigeri azadlığa buraxıb. Bunun müqabilində Qərb ölkələri NATO ölkələrində cəza çəkən 8 nəfəri Rusiyaya təhvil verib. Onların arasında Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvilinin qətlinə görə Almaniyada məhkum olunmuş Vadim Krasikov da var.

ABŞ prezidenti Co Bayden Türkiyə, Norveç, Polşa, Sloveniya və Almaniya liderləri ilə telefonla danışıb və Rusiya ilə məhbusların mübadiləsi prosesində tərəfdaşlıq etdiklərinə görə təşəkkür edib.