Parlament “Xarici təsirin şəffaflığı” qanununa prezidentin qoyduğu vetonu dəf edib
Parlament “Xarici təsirin şəffaflığı” qanununa prezidentin qoyduğu vetonu dəf edib

 
Parlament “Xarici təsirin şəffaflığı haqqında” qanuna prezidentin qoyduğu vetonu dəf edib.

Vetonun dəf edilməsini və qanunun ilkin variantının qəbul edilməsini 84 deputat dəstəkləyib, 4 deputat əleyhinə səs verib.

Gürcüstanın Prezidenti Salome Zurabişvili mayın 18-də “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub.

Salome Zurabişvili ona yalnız bir maddə əlavə edib, ona əsasən qanun qüvvəyə mindikdən sonra yalnız bir gün qüvvədə olur və ikinci gün qüvvəsini itirir.

Parlament “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda mayın 14-də qəbul edib.

Qanun gəlirinin müəyyən hissəsini- 20 faizdən çoxunu xaricdən əldə edən qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxslərin və media vasitələrinin “xarici qüvvənin maraqlarını həyata keçirən təşkilat” kimi qeydiyyata alınmasını nəzərdə tutur.

Üçüncü oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, “xarici qüvvənin maraqlarını həyata keçirən təşkilat” hesab edilən hamı Dövlət Reyestrində eyni adlı bazada məcburi qaydada qeydiyyatdan keçməlidir. Qeydiyyat zamanı isə əldə edilmiş gəliri əks etdirmək zəruri olacaq.

Eyni zamanda, dəyişikliklərlə təşkilatların hər il maliyyə bəyannaməsini doldurmaq öhdəliyi olacaq. Qanun layihəsi Ədliyyə Nazirliyinə “xarici qüvvənin maraqlarını həyata keçirən təşkilat”ı müəyyən etmək üçün istənilən vaxt araşdırma aparmaq və məsələnin öyrənilməsini-monitorinqini həyata keçirmək səlahiyyəti verir.

Bununla yanaşı, layihəyə əsasən, monitorinqin başladılması üçün Ədliyyə Nazirliyinin müvafiq səlahiyyətli şəxsinin qərarı və “xarici qüvvənin maraqlarını həyata keçirən konkret təşkilatla bağlı müvafiq işarələri ehtiva edən” müraciətin Ədliyyə Nazirliyinə təqdim edilməsi əsas olacaq. Monitorinqi həyata keçirmək məqsədilə isə Ədliyyə Nazirliyinin səlahiyyətli şəxsi qanuna müvafiq şəkildə, zəruri məlumatları, o cümlədən şəxsi məlumatları axtarmaq hüququna malik olacaq. Eyni subyektlə bağlı monitorinqin həyata keçirilməsinə yalnız altı ayda bir dəfə icazə veriləcək.

“Xarici qüvvənin maraqlarını həyata keçirən təşkilat” kimi qeydiyyatdan yayınmaq və ya bəyannaməni doldurmamaq təşkilatın 25 min lari məbləğində cərimələnməsi ilə nəticələnəcək.
Layihədə həmçinin aşağıdakı cərimə növləri də nəzərdə tutulub: Təşkilat Ədliyyə Nazirliyinin veb saytına daxil edildiyi gündən on iş günü ərzində müraciət formasını doldurmadıqda – 10 min lari;
Müəyyən edilmiş müddətdə sənədlərdəki xətalar aradan qaldırılmazsa, cərimə 10 min lari olacaq;
Qanunda nəzərdə tutulmuş hüquq pozuntusunun bir aydan sonra törədilməsi 20 min lari məbləğində cərimələnmə ilə nəticələnəcək.
Aprelin 29-da Hüquq Komitəsində müzakirə zamanı qanun layihəsinin ikinci maddəsinə bəzi dəyişikliklər daxil edilib. Konkret olaraq, ikinci maddənin birinci bəndinin b, q və d yarımbəndlərinə “qeyri-kommersiya” sözü əlavə edilib.