Parlament çoxluğu Salome Zurabişviliyə qarşı impiçment prosedurunun yenidən başladılması haqda qərar qəbul edib
Parlament çoxluğu Salome Zurabişviliyə qarşı impiçment prosedurunun yenidən başladılması haqda qərar qəbul edib

 
Parlament çoxluğu Salome Zurabişviliyə qarşı impiçment prosedurunun yenidən başladılması haqda qərar qəbul edib və yeni çağırış parlamentinin elə ilk iclaslarında Zurabişvilini ən azı 100 səslə impiçment qaydasında vəzifəsindən uzaqlaşdıracaq – bu haqda “Gürcü Arzusu”nun Siyasi Şurasının üzvü Şalva Papuaşvili partiyanın ofisində keçirilən brifinqdə bildirib.

“Bildiyiniz kimi, 2023-cü ilin oktyabrın 16-da Gürcüstanın Konstitusiya Məhkəməsi impiçment proseduru çərçivəsində Salome Zurabişvilini Konstitusiyanı pozan elan edib və prezidentin yalnız Gürcüstan hökumətinin razılığı ilə xaricə səfərlər etmək hüququnun olmasına dair Gürcüstan Konstitusiyasının 52-ci maddəsi ilə müəyyən edilmiş qaydanı təsdiq edib.

Onu da bilirsiniz ki, konstitusiyanın pozulması faktının təsdiqlənməsindən sonra Salome Zurabişvili prezident postunu yalnız radikal müxalifətin nümayəndələri olan parlamentarilərin dəstəyi hesabına qoruyub saxladı.

Salome Zurabişvili konstitusiyanın pozulması məsələsində radikal müxalifətdən toxunulmazlıq qarantiyası aldı, daha sonra da Gürcüstan Konstitusiyasını kobud şəkildə pozmağa davam etdi. Xüsusilə, impiçment proseduru başa çatdıqdan sonra da o, Gürcüstan hökumətinin razılığı olmadan bir neçə xarici səfər edib, o cümlədən ötən həftə Fransa, Almaniya, Polşa və Belçikada səfərdə olub.

Qeyd edilməlidir ki, əgər Konstitusiya Məhkəməsinin qərarına qədər xarici dövlətlər və təşkilatlar prezidentin səfəri üçün hökumətin razılığına ehtiyac olduğunu bilmədiklərini deyə bilirdilərsə, bu qərardan sonra Gürcüstan hökumətinin məcburi razılığı olmadan Salome Zurabişvilinin qəbul edilməsi gürcü xalqına və onun konstitusiya quruluşuna qəsdən hörmətsizlik edilməsi ilə yanaşı, daxili işlərə qarışmamaq prinsipinin pozulmasıdır və ümumi Avropa dəyərlərimizə ziddir.

Konstitusiyamız gürcü xalqının iradəsinin xüsusi əksini tapdığı əsas aktdır, ona görə də onun qəsdən, açıq və həyasızcasına pozulması cavabsız qala bilməz.

Bundan irəli gələrək, parlament çoxluğu qərar qəbul etdik ki, impiçment prosedurunu yenidən başladaq və parlament seçkilərinə qədər Gürcüstanın Konstitusiya Məhkəməsinə təqdim olunacaq yeni konstitusiya təqdimatını hazırlayaq.

Gürcüstanın Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyanın pozulması faktı təsdiqləndikdən sonra yeni çağırış parlamenti elə ilk iclaslarda Zurabişvilini ən azı 100 səslə impiçment qaydasında vəzifəsindən uzaqlaşdıracaq.

Bildiyiniz kimi, Salome Zurabişvilinin səlahiyyət müddəti bu il onsuz da başa çatır. Müvafiq olaraq, impiçment qaydası ilə onun vəzifəsindən uzaqlaşdırılması Salome Zurabişvilinin səlahiyyət müddətini maksimum bir ay qısaldacaq. Bundan irəli gələrək, onun impiçment qaydası ilə vəzifəsindən uzaqlaşdırılması, səlahiyyət müddəti baxımından böyük ölçüdə rəmzi önəm daşıyır, lakin bu qərarın hüquqi və siyasi önəmi çox prinsipialdır.

Gürcü xalqının əsas qanununun qəsdən, kobud və sistemli şəkildə pozulmasını cəzasız qoya bilmərik. Konstitusiyanı pozan Salome Zurabişviliyə sabiq prezident deyil, vəzifəsindən uzaqlaşdırılmış prezident statusu qalmalıdır ki, bu da presedent kimi gələcəkdə belə özbaşınalığın qarşısının alınmasında və gürcü demokratiyasının möhkəmlənməsində mühüm qabaqlayıcı rol oynayacaq” – Şalva Papuaşvili bildirib.