Məktəb şagirdləri 4-cü Piyada Briqadasını ziyarət etdilər
Məktəb şagirdləri 4-cü Piyada Briqadasını ziyarət etdilər

“Orduda bir gün” layihəsi çərçivəsində tələbələr Gürcüstan Müdafiə Qüvvələrinin 4-cü Piyada Briqadasında qonaq edilib. Tbilisi, Rustavi və Saqareco şəhərlərinin müxtəlif dövlət məktəblərinin 9-cu sinif şagirdləri Vaziani hərbi bazasında olub.

“Hərbi iş” pilot fənni layihəsinə cəlb olunan məktəblərin nümayəndələri bazanın infrastrukturuna, texnika və silahlarına baş çəkmək, əsgərlərin məişət və iş şəraiti ilə yerindəcə tanış olmaq imkanı əldə ediblər.

Hərbi qulluqçular qonaqları bölmənin yaranma tarixi ilə tanış edib və ölkəmizin ərazi bütövlüyü uğrunda canını verən qəhrəmanların hekayələrini yada salıblar. Günün sonunda tələbələr briqada yeməkxanasına baş çəkib, burada “əsgər yeməyi”ndən dadıblar.

Gürcüstanın baş nazirinin təşəbbüsü, Müdafiə, Təhsil və Elm nazirliklərinin səyləri ilə 2022-2023-cü tədris ilindən Gürcüstan məktəblərində “Hərbi işlər” fənninin tədrisi tətbiq edilib. İlkin mərhələdə yüksək dağlıq rayonların 18 məktəbi pilot proqrama cəlb edilib. Mövzuya marağın artması ilə əlaqədar cari tədris ilində layihə daha geniş vüsət almışdır.

Tələbə və şagirdlərin Gürcüstanın hərbi bazalarına mütəmadi səfərləri həyata keçirilir. Oxşar tədbirlər əsgərliyin populyarlaşmasına və gənc nəsil arasında qurum haqqında məlumatlılığın artırılmasına kömək edir.

Bu barədə məlumatı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.