Medianın məlumatına görə, polis Təl-Əvivdə hökumət əleyhinə keçirilən aksiya iştirakçılarına qarşı su şırnaqlarından istifadə edib
Medianın məlumatına görə, polis Təl-Əvivdə hökumət əleyhinə keçirilən aksiya iştirakçılarına qarşı su şırnaqlarından istifadə edib

İsrail mətbuatının məlumatına görə, İsrail polisi Təl-Əvivdə hökumət əleyhinə keçirilən aksiya iştirakçılarına qarşı su şırnaqlarından istifadə edib.

“Times of Israel”in yazdığı kimi, minlərlə vətəndaş növbəti etiraz aksiyası keçirərək, İsrail hökumətindən “Həmas” tərəfindən əsir götürülən girovları azad etməyi və növbədənkənar parlament seçkiləri təyin etməyi tələb edib.

Etirazçılar nəqliyyatı bağladıqdan və magistral yolda böyük tonqal yandırdıqdan sonra polis onlara qarşı güc tətbiq edib. Polis bir neçə nümayişçini həbs edib.

İsrailin bir sıra şəhərlərində, o cümlədən Qüds, Qeysəriyyə və Hayfada da hökumət əleyhinə mitinqlər keçirilib. İsraildə nümayişlər bu gün də davam edəcək. Mitinqlər Qəzza zolağında müharibənin başlanmasının 9 aylıq ildönümünə təsadüf edir.

Məlumat üçün bildirək ki, daha əvvəl “Reuters” agentliyi “Həmas” qrupunun ABŞ-ın təqdim etdiyi və israilli girovların azad edilməsi üçün danışıqların aparılmasını nəzərdə tutan təklifi ilə razılaşdığını bildirmişdi. Qəzza zolağında müvəqqəti atəşkəs rejiminin qüvvəyə minməsindən sonra bu prosesin başlayacağı güman edilir.