Medianın məlumatına əsasən, Slovakiyanın Baş nazirinə hücum edən şəxs dindirilmə zamanı Robert Fitsonun bu gün mövcud siyasəti həyata keçirməyə davam edə bilməməsi üçün onun sağlamlığına zərər vurmaq istədiyini deyib
Medianın məlumatına əsasən, Slovakiyanın Baş nazirinə hücum edən şəxs dindirilmə zamanı Robert Fitsonun bu gün mövcud siyasəti həyata keçirməyə davam edə bilməməsi üçün onun sağlamlığına zərər vurmaq istədiyini deyib

 
Slovakiyanın Baş nazirinə hücum edən Yurai Tsintula istəyinin baş nazir Robert Fitsonu öldürmək olmadığını, gələcəkdə mövcud siyasəti həyata keçirməyə davam edə bilməməsi üçün onun sağlamlığına zərər vurmaq olduğunu deyib.

Yurai Tsintulanın dindirilmə zamanı dediyi kimi, “Fitso hökumətinin qərarlarından sonra o, özünü gücsüz, məyus hiss edirmiş və indiki hakimiyyətin siyasəti ilə – konkret olaraq, xüsusi prokurorluğun ləğvi və müstəqil mediaya təzyiqlə razı deyilmiş”. Həmçinin o, Ukraynaya yardımın dayandırılmasına qarşı çıxdığını bildirib.

Bununla yanaşı, Yurai Tsintula dindirilmə zamanı deyib ki, Slovakiyanın hazırkı hökumətini Avropa İttifaqı ilə münasibətlərdə “İuda” hesab edir və məhz bu səbəbdən hərəkətə keçməyin vaxtının yetişdiyinə qərar verib.

Məhkəmə sənədində Yurai Tsintulanın Robert Fitsoya söyüş söydüyünü eşitdiyini deyən bir şahidin ifadəsi də yer alıb.

Məlumat üçün bildirək ki, 71 yaşlı Yurai Tsintula mayın 15-də Slovakiyanın Baş naziri Robert Fitsoya hücum edib və ona xəsarət yetirib. Slovakiyanın Baş naziri indiyədək xəstəxanadadır. İstintaqa əsasən, Robert Fitsoya hücum edən şəxs təkbaşına hərəkət edib. O, mayın 13-də Robert Fitsoya hücumu planlaşdırmağa başlayıb.