Kaxa Kaladze Bakı və Gəncə şəhərlərinin merləri ilə görüşüb
Kaxa Kaladze Bakı və Gəncə şəhərlərinin merləri ilə görüşüb

 
Tbilisinin meri Kaxa Kaladze müavini Kaxa Quledani ilə birlikdə Bakı şəhərinin meri Eldar Əzizov və Gəncə şəhərinin meri Niyazi Bayramovla görüşüb.

Görüşdə Gürcüstan və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinə, eləcə də qardaşlaşmış şəhərlər kimi Tbilisi ilə Bakı arasında əməkdaşlığın dərinləşdirilməsinə toxunulub.

“Sizi Tbilisidə qəbul etmək fürsətinə malik olmaq mənim üçün böyük şərəfdir. Bildiyiniz kimi, Gürcüstanla Azərbaycanı çoxəsrlik mehriban qonşuluq münasibətləri birləşdirir və bu münasibətlərin daha da möhkəmlənməsi üçün hər iki ölkənin hökuməti hər şeyi edir. Bizi eləcə də mədəniyyət sahəsində əlaqələr bağlayır. Bu baxımdan bir çox layihələr həyata keçirilir ki, bu da təqdirəlayiqdir. Şadam ki, Gürcüstan hökumətinin dəstəyi ilə Tbilisidə Heydər Əliyev adına Dram Teatrı tikilir. 2023-cü ildə isə Gəncə şəhərində böyük gürcü şairi Nikoloz Barataşvilinin xatirə lövhəsi açılıb, bunun üçün sizə təşəkkür etmək istəyirəm” – deyə Kaxa Kaladze açıqlayıb.

Paytaxtın meri Bakı və Gəncə şəhərlərindən olan həmkarlarını bu ilin oktyabrında keçirilməsi planlaşdırılan “Tbilisoba” bayramına dəvət edib.

Öz növbəsində, Bakı şəhərinin meri Gürcüstanla əlaqələrin Azərbaycan Prezidenti İlham Əliyev üçün çox önəmli olduğunu qeyd edib.

“Hər bir azərbaycanlı üçün gürcü xalqı olduqca önəmlidir. Ölkənizdə yaşayan azərbaycanlılara münasibətə görə Gürcüstan hökumətinə təşəkkür etmək istərdim. Dünyada hər bir ölkə çağırışlar qarşısındadır, bu bizim ölkələrə də aiddir. Buna görə də ölkələr və şəhərlər arasında əlaqələrin qurulması olduqca vacibdir. İstənilən uğur insan amilinə əsaslanır. Sizinlə görüşmək məni hər zaman sevindirir. Burada olmaqdan şadam”- deyə Eldar Əzizov bildirib.

Bakı və Gəncə şəhərlərinin merləri 14-cü Yerli İqtisadi İnkişaf Forumu çərçivəsində Tbilisidədirlər.

Məlumatı Tbilisi Meriyasının mətbuat xidməti yayır.