Co Baydenin Administrasiyası ölkə vətəndaşlarının sənədsiz həyat yoldaşlarını deportasiyadan qoruyacaq tədbirləri açıqlayıb
Co Baydenin Administrasiyası ölkə vətəndaşlarının sənədsiz həyat yoldaşlarını deportasiyadan qoruyacaq tədbirləri açıqlayıb

 
ABŞ Prezidenti Co Baydenin Administrasiyası ölkə vətəndaşlarının sənədsiz həyat yoldaşlarını deportasiyadan qoruyacaq tədbirləri açıqlayıb.

Ağ Evin bəyanatında qeyd edildiyi kimi, bu siyasət ailələrin birliyini qoruyub saxlamaq məqsədinə xidmət edir.

Bayden Administrasiyasının elan etdiyi yeni tədbirlər ABŞ-da 10 ildən çox yaşayan və ABŞ vətəndaşı ilə qanuni nikahda olan miqrantlara şamil ediləcək.

Daxili Təhlükəsizlik Departamenti tərəfindən fərdi yoxlamadan sonra belə miqrantlara daimi yaşayış icazəsi ilə bağlı müraciət etmək üçün üç il müddət veriləcək. Onların ABŞ-da ailələri ilə qalmaq və işləmək hüququ olacaq.

Ağ Evin məlumatına əsasən, bu tədbir ABŞ vətəndaşlarının 500 000 həyat yoldaşını və valideynləri ABŞ vətəndaşları ilə evli olan təxminən 50 000 uşağı deportasiyadan qoruyacaq.

Bundan başqa, Bayden Administrasiyasının elan etdiyi yeni tədbirlərə əsasən, ABŞ-da ali təhsilini bitirmiş və amerikalı işəgötürəndən iş təklifi alan şəxslər sadələşdirilmiş qaydada iş vizaları alacaqlar.