İtaliyanın Baş naziri iyulun 26-da Çinə səfərə yollanacaq
İtaliyanın Baş naziri iyulun 26-da Çinə səfərə yollanacaq

 
İtaliyanın Baş naziri iyulun 26-da Çinə səfərə yollanacaq. Bu, Corcia Meloninin baş nazir vəzifəsini tutmasından sonra Çinə ilk səfəri olacaq.

“Reuters” agentliyinin məlumatında, səfərin məqsədinin Çinlə ticarət əlaqələrini yaxşılaşdırmaq olduğu deyilir. Gözlənildiyi kimi, Corcia Meloni prezident Si Dzinpin və baş nazir Li Tsianla danışıqlar aparacaq.

Meloninin səfərinə paralel olaraq Pekində təkər istehsalçısı “Pirelli”, enerji şirkəti “ENI”, müdafiə şirkəti “Leonardo”, şərab istehsalçıları, eləcə də bir sıra italyan moda brendləri, o cümlədən “Dolce & Gabbana”nın təmsil olunacağı İtaliya-Çin biznes forumu keçiriləcək.

Forumun panellərindən biri avtomobil istehsalı sektoruna həsr olunacaq. Gözlənildiyi kimi, səfər çərçivəsində ticarət və sənaye sahəsində ikitərəfli sazişlər imzalanacaq. “Reuters”in yazdığı kimi, Meloninin Çinin həddindən artıq istehsalı və Ukraynada davam edən müharibədə Rusiyaya dəstək məsələlərini də qaldıracağı gözlənilir.

Corcia Meloninin Çinə səfəri iyulun 31-dək davam edəcək.

2019-cu ildə İtaliya Çinin ticarət-infrastruktur layihəsi olan “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan yeganə Böyük Yeddilik ölkəsi oldu, lakin ABŞ-ın tənqidi fonunda layihəni tərk etdi. Meloni hökumətində təşəbbüsdə iştirakla bağlı razılaşmanın İtaliyaya fayda gətirmədiyini bildiriblər.