İlon Mask "X" sosial şəbəkəsində Kamala Harris haqqında parodik video paylaşıb
İlon Mask "X" sosial şəbəkəsində Kamala Harris haqqında parodik video paylaşıb

 
Amerikalı milyarder İlon Mask “X” sosial şəbəkəsində Kamala Harris haqqında parodik video paylaşıb.

“Associated Press” agentliyinin yazdığı kimi, Kamala Harrisin seçki kampaniyasından kadrların yer aldığı videoklipi süni intellektin yaratdığı və Kamala Harrisin səsinə bənzəyən səs müşayiət edir.

“Mən, Kamala Harris, Demokratlar Partiyasından prezidentliyə namizədinizi təmsil edirəm, çünki Co Bayden debatlarda nəhayət qocalığını göstərdi” – videoda eşidilir. Videoda həmçinin deyilir ki, “Harris müxtəliflik üçün seçilib, çünki o, qadın və ağdərili deyil, bu səbəbdən kimsə onun dediklərini tənqid edirsə, bu, cinsiyyətçi və irqçi olacaq”.

“X” sosial şəbəkəsində istifadəçi Mr. Reyqan tərəfindən yayılan videonu İlon Mask iyulun 27-də paylaşıb. Daha sonra Mask qeyd edib ki, “Amerikada parodiya qanunidir”.

“Biz Amerika xalqının İlon Mask və Donald Trampın saxta, manipulyativ yalanlarının deyil, Kamala Harrisin təklif etdiyi real azadlıq, fürsət və təhlükəsizliyi istədiyinə inanırıq” – Harrisin seçki qərargahının sözçüsü Mia Erenberq “Associated Press”ə bildirib.

Qeyd edilməlidir ki, sözügedən videoklipi ilkin olaraq yayan internet istifadəçisi “X” sosial şəbəkəsində, eləcə də “YouTube” portalında həmin videonun parodiya olduğunu bildirmişdi. Lakin, İlon Maskın paylaşdığı videoda bu görünmür. Mask videoya “Bu, möcüzədir” yazısını əlavə edib.