İlia Darçiaşvili Avropa Şurasının baş katibi ilə görüşüb
İlia Darçiaşvili Avropa Şurasının baş katibi ilə görüşüb

 

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Avropa Şurasının baş katibi Maria Peiçinoviç Buriç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin verdiyi məlumatda İlia Darçiaşvili və Mariya Peiçinoviç Buriçin Gürcüstanın Avropa Şurası ilə uğurlu əməkdaşlığı haqqında danışdığı, təşkilatın Gürcüstanın demokratik inkişafı prosesinə mühüm töhfə verdiyini vurğuladıqları deyilir.

“Rusiya-Gürcüstan münaqişəsinə, işğal olunmuş bölgələrdəki vəziyyətə və bu kontekstdə münaqişənin sülh yolu ilə həlli prosesində eləcə də, münaqişə nəticəsində ayrılmış əhali arasında etimadın bərpa olunması prosesində Avropa Şurasının mühüm roluna xüsusi diqqət yönəldilib.

Gürcüstan ərazilərinin işğalı məsələsinin Avropa Şurasının gündəliyində yüksək siyasi səviyyədə saxlanmasının vacibliyi vurğulanıb və baş katibin işğal altındakı bölgələrdə mövcud ağır humanitar vəziyyət və təhlükəsizlik mühiti ilə bağlı illik məruzələri praktikasına müsbət qiymət verilib. Bunun üçün İlia Darçiaşvili baş katibə təşəkkür edib. Görüşdə regionda mövcud təhlükəsizlik mühitinə, Ukraynada davam edən müharibəyə toxunulub.

Baş katib təşkilat tərəfindən Ukraynanı dəstəkləyən tədbirlərdə fəal iştiraka görə Gürcüstana təşəkkür edib” -deyə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

XİN-dən verilən məlumatda görüşdə həmçinin Avropa Şurası tərəfindən Gürcüstanda islahatları dəstəkləyən illik fəaliyyət planına və onun həyata keçirilməsinə də toxunulduğu deyilir.