İlham Əliyev - antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir
Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir-bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Əliyev çıxışında hərbçilərin böyük qəhrəmanlıq, şücaət və peşəkarlıq göstərdiyini qeyd edib.
“Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövləti tərəfindən Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır” – Əliyev bildirib.
Azərbaycan Prezidenti ikinci Qarabağ müharibəsindən sonra Laçın sərhəd-keçid məntəqəsi yaradılmazdan əvvəl Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirildiyini və müxtəlif yerlərdə basdırıldığını qeyd edib.
Bundan başqa, Əliyev bildirib ki, əməliyyat başlamazdan əvvəl bütün hərbçilərə mülki əhalinin qorunması ilə bağlı tapşırıqlar verib.
“Biz həm yüksək dəqiqliyə malik olan silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir”- Əliyev bildirib.