Erqnetidə İnsidentlərin Prevensiyası və Reaksiya Mexanizminin növbəti görüşü keçirilib
Erqnetidə İnsidentlərin Prevensiyası və Reaksiya Mexanizminin növbəti görüşü keçirilib

 

Dövlət Təhlükəsizliyi Xidmətinin Analitik Departamentinin direktor müavini İrakli Antadze bu gün Erqnetidə keçirilən görüşdə əsas məsələnin qanunsuz həbsdə olan Gürcüstan vətəndaşlarının azad edilməsi olduğunu bildirib.

Hazırda Gürcüstanın 7 vətəndaşı de-fakto rejimin qanunsuz həbsində qalır. İclas başa çatdıqdan sonra bildirilib ki, onlardan ikisinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Qondarma sərhədi keçməkdə təqsirli bilinən iki nəfərin qondarma məhkəmə prosesləri davam edir və iyunun 19-da saxlanılan daha bir Gürcüstan vətəndaşı barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib. Mamuka Chxikvadze və Kaxaber Natadzeyə gəlincə, qeyd edildiyi kimi, görüşdə onlarla bağlı yeni detallar səsləndirilməyib.

İrakli Antadze tərəflərin Erqnetidə son iki ayda işğal xətti yaxınlığında baş verən hadisələri, təhlükəsizlik məsələləri ilə yanaşı, humanitar məsələləri də müzakirə etdiklərini deyib.

“Görüşdə qeyri-qanuni sərhədləşmə faktları və sərbəst hərəkət baxımdan problemlər müzakirə olunub. Biz humanitar məsələləri də müzakirə etdik. Sərhədləşmə ilə bağlı reaksiyalar və cavablar adi idi, yeni heç nə demədilər. Bütün bunlar siyasi spekulyasiyalara və hipotetik dövlət sərhədinə çağırışlara düşdü. Həmçinin, onlar yenə adi kontekstdə Gürcüstan polisinin standart nəzarət-buraxılış məntəqəsi mövzusunu dilə gətirdilər. Sözügedən məsələ ilə bağlı mərkəzi hökumətin mövqeyi məlumdur və bu mövqe dəyişməyəcək” -deyə Dövlət Təhlükəsizliyi Xidmətinin Analitik Departamentinin direktor müavini İrakli Antadze görüşdən sonra bildirib.