Emmanuel Makron Yeni Kaledoniya ilə əlaqədar seçki islahatını təxirə salıb
Emmanuel Makron Yeni Kaledoniya ilə əlaqədar seçki islahatını təxirə salıb

 
Fransanın Prezidenti Emmanuel Makron Yeni Kaledoniya ilə əlaqəli konstitusiya dəyişikliklərinin səsverməsini təxirə salıb. Söhbət Kaledoniyada bir neçə günlük iğtişaşlara səbəb olan seçki islahatından gedir. Yeni Kaledoniyaya səfər edən Makron görüşlər başa çatdıqdan sonra təklif olunan dəyişiklikləri qəbul etməyə tələsmədiyini, çünki daha çox danışıqlara ehtiyac olduğunu deyib.

“Bu islahatın bu gün mövcud kontekstdə qəbul edilməyəcəyinə söz verdim. Vəziyyətin sakitləşməsi və geniş razılığa nail olmaq naminə dialoqun bərpasının mümkün olması üçün məsələni bir neçə həftə təxirə salaq”-Makron bildirib.

Həmçinin, Makron qeyd edib ki, Yeni Kaledoniyada asayişin bərpası bir neçə gün çəkəcək, bu müddət ərzində isə fövqəladə vəziyyət qüvvədə qalacaq.

Xatırladaq ki, Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada vəziyyət mayın 13-dən, Fransa Parlamentinin Yeni Kaledoniyanın yerli özünü idarəetmə seçkilərində ada dövlətində 10 ildən çox yaşayan insanların iştirak etmək hüququnun olacağını nəzərdə tutan konstitusiya düzəlişlərini dəstəkləməsindən sonra gərginləşib. Ada dövlətinin yerli əhalisi olan kanakların nümayəndələri dəyişikliyin ölkənin idarəetmə orqanlarında onların siyasi təsir imkanlarını azaldacağını bildiriblər.

Mövcud məlumata əsasən, iğtişaşlar başlayandan bu günədək azı 6 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən toqquşmalarda isə 300-ə yaxın insan saxlanılıb. Mağazalar, dövlət binaları talan edilib, yandırılıb.