Dağıstanda hücumlardan sonra Mahaçqalanın meri fövqəladə iclas keçirib
Dağıstanda hücumlardan sonra Mahaçqalanın meri fövqəladə iclas keçirib

 
Dağıstanda hücumlardan sonra Mahaçqalanın meri İusup Umavov fövqəladə iclas keçirib.

Medianın verdiyi məlumata əsasən, Umavov qurumlar arasında koordinasiyalı fəaliyyətin zəruriliyini vurğulayıb və rəsmi şəxslərə fövqəladə vəziyyət haqda ictimaiyyətə məlumat verməyi tapşırıb.

“Müvafiq xidmətlər və hüquq-mühafizə orqanları operativ işlədilər, lakin təəssüf ki, itkilərimiz var. Hazırda hüquq-mühafizə orqanları asayişin bərpasına yönəlmiş bütün zəruri tədbirləri görürlər”- deyə Umavov açıqlayıb.

Xatırladaq ki, Dərbənd şəhərində yerləşən kilsə və sinaqoqa, eləcə də Mahaçqala şəhərində yerləşən sinaqoq və yol polisi şöbəsinə hücum həyata keçirilib. Şəhərlər bir-birindən təxminən 120 kilometr uzaqlıqdadır.

Şübhəlilərin bir hissəsi avtomobillə qaçıb. Dağıstanın İstintaq Komitəsinin şöbəsi “terror hücumu” maddəsi ilə cinayət işi açıb. Daha sonra Dağıstanın Serqokalinski rayonunun rəhbəri Maqomed Omarovun oğullarının Mahaçqala və Dərbənd şəhərlərində həyata keçirilmiş hücumda iştirakı ehtimalına görə saxlanılaraq, dindirilməyə aparıldığı haqda məlumat yayıldı.

Dağıstanda 24, 25 və 26 iyun matəm günləri elan edilib.