BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin rəhbəri - taktiki fasilə elan edilməsinə baxmayaraq, Rafah və Qəzzanın cənubunda hərbi əməliyyatlar davam edir
BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin rəhbəri - taktiki fasilə elan edilməsinə baxmayaraq, Rafah və Qəzzanın cənubunda hərbi əməliyyatlar davam edir

İsrail ordusunun humanitar yardımın çatdırılması məqsədi ilə taktiki fasilələr elan etməsinə baxmayaraq, Rafah və Qəzzanın cənubunda hərbi əməliyyatlar davam edir, – bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin rəhbəri Filipe Lazzarini Osloda mediaya bildirib.

Lazzarinin dediyinə görə, hərbi əməliyyatlarda fasilə olmayıb.

“Belə bir qərarın verildiyi barədə məlumat yayıldı, hərçənd, siyasi səviyyədə belə bir qərarın verilmədiyini bildirirlər. Ona görə də bu anda sizə deyə bilərəm ki, Rafahda və Qəzzanın cənubunda hərbi əməliyyatlar davam edir və əməliyyat baxımından hələ ki, heç nə dəyişməyib”, – BMT-nin Fələstinli Qaçqınlar Agentliyinin rəhbəri bildirib.

İsrail Müdafiə Qüvvələri ötən həftənin sonunda Kerem Şalom keçid məntəqəsindən Qəzza zolağına hərbi əməliyyatlarda gündəlik fasilələr elan edəcəklərini açıqlayıb. Daha sonra ordu Rafahda normal əməliyyatların davam edəcəyini açıqladı. İsrail ordusunda bazar ertəsi günü bildirdilər ki, onların qüvvələri Rafah bölgəsində döyüşçülərlə toqquşma, silahın müsadirəsi və məhv edilməsi də daxil olmaqla, fokuslanmış, kəşfiyyat məlumatlarına əsaslanan əməliyyatları keçirməyə davam edəcək.