Barselonanın turizm vergisi şəhərə 12 saatdan az səfər edən kruiz gəmisi sərnişinləri üçün artacaq.
Barselonanın turizm vergisi şəhərə 12 saatdan az səfər edən kruiz gəmisi sərnişinləri üçün artacaq.

Barselona şəhərə 12 saatdan az müddətə səfər edən kruiz gəmisi sərnişinləri üçün turizm vergisini artıracaq. Bu barədə şəhərin meri Jaume Kolboni El Pais nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda kruiz gəmilərinin sərnişinləri üçün turist vergisi 7 avro təşkil edir. Lakin o, verginin nə qədər artırılmasının nəzərdə tutulduğunu açıqlamayıb.

“Şəhərdə 12 saatdan az dayanan kruiz gəmisi sərnişinləri halında, şəhərə heç bir faydası olmayan ictimai yerlərdən intensiv istifadə var. Biz təyinat yerinə hörmət edən turizm istəyirik”, – deyə mer bildirib.

Müvafiq təşəbbüs Kataloniyanın regional hökuməti ilə razılaşdırılmalıdır.

Son həftələr İspaniyanın Palma-de-Malyorka, Malaga və Kanar adaları kimi bir neçə yerində turizm əleyhinə etirazlar keçirilib. Nümayişçilər deyirlər ki, ziyarətçilər mənzillərin qiymətlərini artırır və bu da yerli sakinlərin şəhər mərkəzlərində yaşamasını əlçatmaz edir.