Baqebi və Universitet küçələrini birləşdirən körpünün tikintisi tamamlanıb
Baqebi və Universitet küçələrini birləşdirən körpünün tikintisi tamamlanıb

 
Baqebi və Universitet küçələrini birləşdirən avtomobil körpüsünün tikintisi tamamlanıb. Tbilisi merinin paytaxt hökumətinin iclasında dediyi kimi, son onilliklərdə Tbilisidə belə böyük miqyaslı layihə həyata keçirilməyib.

“Baqebi-Universitet küçəsini birləşdirən, mövcud piyada körpüsü boyunca tikilmiş avtomobil keçid körpüsü 260 metr uzunluğundadır və dörd hərəkət zolağından ibarətdir, Tsğneti magistral yolundan Universitet küçəsinə qədər olan məsafə isə 532 metrdir. Avtomobil körpüsünün tikintisi çərçivəsində piyada səkiləri, çöl işıqlandırma şəbəkəsi və LED lampaları qurulub, məhəccərlər təşkil olunub, körpünün hərəkət hissəsində izolyasiya işləri aparılıb, kanalizasiya sistemi təşkil edilib və bir neçə qat asfalt örtüyü döşənib, velosiped yolu da nəzərə alınıb. Paytaxtımızda belə mühüm layihənin həyata keçirildiyinə görə şadam. Bununla yanaşı, demək istəyirəm ki, biz bununla məhdudlaşmırıq, bu layihənin davamı da var, bu haqda daha sonra sizə məlumat verəcəyik”- deyə Kaxa Kaladze deyib.

O, sözügedən körpünün sabah saat 12:00-dan etibarən açılışının ediləcəyini bildirib.