Avropa Komissiyasında Kiyevdən kənd təsərrüfatı məhsullarının idxalına nəzarətin gücləndirilməsi üçün addımlar gözlədiklərini bildirirlər
Avropa Komissiyası Kiyevdən kənd təsərrüfatı məhsullarının idxalına nəzarəti gücləndirmək üçün addımlar gözləyir. Bu barədə Brüsseldə Avropa Komissiyasının mətbuat katibi Miriam Qarsia Ferrer açıqlayıb.
“Növbəti 30 gün ərzində kənd təsərrüfatı məhsullarının ixracı üçün lazımi sistemi tətbiq etmələri istiqamətində Ukrayna ilə danışıqlar aparırıq. Həmçinin Kiyevdə Ukraynanın kənd təsərrüfatı məhsullarının Aİ-yə ixracının artmayacağına zəmanət vermək üçün konkret addımlar atmağa hazır olduqlarını bildirirlər. Bu gün koordinasiya platforması çərçivəsində daha bir görüşümüz olacaq, görüşdə biz bunu müzakirə edəcəyik və Ukrayna Kiyevin gördüyü tədbirləri, eləcə də fəaliyyət planını təqdim edəcək” – Avropa Komissiyasının mətbuat katibi bildirib.
Məlumat üçün bildirək ki, sentyabrın 15-də Avropa Komissiyası Kiyevin məhdudlaşdırıcı ixrac tədbirləri görməsi şərti ilə Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlərin uzadılmayacağını açıqlayıb.
Buna baxmayaraq, Polşa, Macarıstan və Slovakiya Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına birtərəfli məhdudiyyətlər tətbiq etmək qərarına gəliblər. Kiyevdə bildirirlər ki, bu ölkələri Ümumdünya Ticarət Təşkilatına şikayət edəcəklər.