Ankarada Rusiya, Belarus və Qərb ölkələri arasında məhbusların mübadiləsi başa çatıb

 
Ankarada Rusiya, Belarus və Qərb ölkələri arasında məhbusların mübadiləsi başa çatıb.

Türk mediası mübadilə prosesində ümumilikdə 26 nəfərin iştirak etdiyi haqda məlumat verir.

Rus mediasının məlumatında, Rusiyanın 16 nəfəri Qərb ölkələrinə təhvil verdiyi deyilir. Onların arasında siyasətçilər İlia İaşin və Vladimir Kara-Murza, həmçinin rus müxalifətçi Aleksey Navalnının qərargahlarının sabiq rəhbərləri Lilia Çanişeva, Ksenia Fadeeva və Vadim Ostanin; Jurnalistlər Evan Qerşkoviç və Alsu Kurmaşova, rəssam Saşa Skoçilenko, jurnalist Andrey Pivovarov, 19 yaşlı Almaniya vətəndaşı Kevin Lik, ABŞ-ın keçmiş hərbi qulluqçusu Pol Uilan da var. Həmçinin, hüquq müdafiəçisi Oleq Orlov, Diter Voronin, Patrik Şiobel və Sankt-Peterburqlu velosiped fəalı Qerman Moijes.

Bundan başqa, Minsk prezident Lukaşenkonun əfv etdiyi Almaniya vətəndaşı Riko Kriqeri azadlığa buraxıb.

Almaniya Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvilini qətlə yetirdiyinə görə məhkum edilmiş Vadim Krasikovu Rusiyaya təhvil verib. Həmçinin Polşa həbsxanasında olan Pavel Rubtsovu Rusiyaya təhvil veriblər; Norveçdə həbs edilən və casusluqda ittiham olunan, özünü braziliyalı kimi təqdim edən Mixail Mikuşin və eləcə də Rusiyaya casusluq etdiklərini etiraf edən və Sloveniyada cəza çəkən ər-arvad Artiom və Anna Dultsev Rusiyaya verilib.

Bununla yanaşı, ABŞ həbsxanalarında olan üç nəfəri – Roman Seleznev, Vladialav Kliuşin və Vadim Konoşenkonu Rusiyaya təhvil verib.

Türkiyə kanalları sövdələşmədə iki uşağın olduğunu xəbər verirlər. Ehtimal ki, söhbət Sloveniyada məhkum olunmuş ər-arvadın azyaşlı uşaqlarından gedir.