ABŞ prezident seçkilərində Demokratlar Partiyasının namizədi avqustun 19-22-nə planlaşdırılan qurultayda irəli sürüləcək
ABŞ prezident seçkilərində Demokratlar Partiyasının namizədi avqustun 19-22-nə planlaşdırılan qurultayda irəli sürüləcək

 

Amerika Birləşmiş Ştatlarında prezident seçkilərinə demək olar ki, yüz gün qalır. Co Bayden prezident seçkilərindən namizədliyini geri çəkmək qərarını verdikdən sonra ölkədə bir neçə mühüm hadisə diqqət mərkəzindədir.

Medianın yazdığı kimi, Co Bayden namizədliyini geri çəkmək qərarını verdikdən sonra bu həftə ilk dəfə ictimaiyyətə müraciət edəcək. Bununla yanaşı, Demokratlar Partiyasının Milli Qurultayının Qaydaları Komitəsi yeni namizədin seçilməsi prosesini müzakirə etmək üçün iyulun 24-də toplanacaq. Yekun namizədin kimliyi Demokratlar Partiyasının avqustun 19-22-də Çikaqoda keçiriləcək dörd günlük milli qurultayında məlum olacaq.

Demokratlar Partiyasının namizədi Respublikaçıların namizədi Donald Trampla isə ilk dəfə debatda, sentyabrın 10-da qarşı-qarşıya gələcək.

Co Bayden dünən 2024-cü ilin ABŞ prezident seçkilərindən namizədliyini geri çəkdi.

“Yenidən seçilmək mənim niyyətim olsa da, inanıram ki, iştirakdan imtina etmək və yalnız səlahiyyət müddətimin qalan hissəsinə diqqət etmək partiyamın və ölkəmin maraqlarındadır” – Co Bayden dərc olunmuş məktubda qeyd edir.

Bununla yanaşı, Bayden 2024-cü ilin prezident seçkilərində Demokratların namizədi kimi vitse-prezident Kamala Harrisi dəstəkləyəcəyini bildirib.