Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi - Ətraf mühitin mühafizəsi sahəsində Avropa İttifaqı öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hesabatda Gürcüstan ikinci yerdədir
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi - Ətraf mühitin mühafizəsi sahəsində Avropa İttifaqı öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hesabatda Gürcüstan ikinci yerdədir

Avstriyanın paytaxtı Vyanada Energetika İttifaqı Nazirlər Şurasının 21-ci iclası keçirilib. Nazirlərin görüşündə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin birinci müavini Nino Tandilaşvili iştirak edib.

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, iclas iştirakçıları Energetika Birliyi çərçivəsində üzərinə götürülmüş öhdəliklərin icrasına dair 2023-cü il hesabatını müzakirə ediblər.

Hesabatda milli qanunvericiliyin Avropa İttifaqının sektoral qanunvericiliyinə uyğunlaşdırılması və sonradan tətbiqi məsələləri öz əksini tapıb. Gürcüstan ekoloji istiqamətdə mövcud öhdəliklərin yerinə yetirilməsi baxımından Energetika İttifaqına üzv olan dövlətlər arasında ən qabaqcıl ölkələrdən biridir. Gürcüstan Monteneqrodan sonra ikinci yerdədir və bütün digər Avopa İttifaqı üzvlüyünə namizəd dövlətləri qabaqlayır. Məlumata görə, Gürcüstan qanunvericilik konvergensiyası baxımından, konkret olaraq “Sənaye emissiyaları haqqında” qanun qəbul etməklə zəruri addımlar atıb və ekoloji istiqamətdə mühüm irəliləyişlərə nail olub. Avropa Komissiyasının nümayəndələri bu hesabatı təqdir etdilər və onun əhəmiyyətini vurğuladılar. İclasda qeyd olunub ki, energetika ittifaqı çərçivəsində Gürcüstan yeganə ölkədir ki, 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq məqsədi ilə uzunmüddətli aşağı emissiyalı inkişaf strategiyasını təsdiqləyib.

Nino Tandilaşvili qiymətləndirməyə, eləcə də uzunmüddətli əməkdaşlığa və ekoloji islahatların aparılmasına göstərilən dəstəyə görə Energetika İttifaqı Katibliyinə və Avropa Komissiyasına təşəkkür edib. Nazir müavini qeyd edib ki, Gürcüstan Avropaya inteqrasiya prosesində biomüxtəlifliyin qorunması, yeni ekoloji məsuliyyət sisteminin tətbiqi, sənaye emissiyalarına nəzarət də daxil olmaqla ekoloji öhdəliklərini yerinə yetirmək üçün fəal işləyir.

Nazirlərin görüşündə Avropa Komissiyasının nümayəndələri, Energetika İttifaqına üzv dövlətlərin enerji və ətraf mühitin mühafizəsi nazirləri və digər yüksək vəzifəli şəxslər, Enerji İttifaqının direktoru və katibliyin nümayəndələri iştirak ediblər.

Bu barədə məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti yayıb.