İmir Məmmədlinin öz ifasında şeirləri - 2

İmir Məmmədli şair kimi doğulub. Gözünü açanda Gürcüstanın dilbər guşələrindən biri Kaspidə anadan olub. Və şair kimi ona yaşamağa başlamağa da Gürcüstan torpağı zəmanət verib. Buradan şeir yazmağa başlayan, mərhum gürcü şairi Mixail Kvlividze demişkən, “oxucu ilə söhbət edən” İmir Məmmədli “Pələng dərisi geymiş pəhləvan” əsəriini orjinaldan tərcümə edərək dahi gürcü şairi Şota Ruatavelini Azərbaycan ədəbiyatı dünyasına yeni nəfəslə, yeni səslə gətirmişdir. Burda sözümü sona yetirirəm. Çünki, İmir müəllim, öz oxucuları iləı ədəbi növlərinin müxtəlif dilləri ilə yenə söhbətini davam etdirir.

***

İmir Məmmədli 1957-ci il avqustun 7-də Gürcüstanın Kaspi rayonunun Paşiyan kəndində anadan olmuşdur. Qonşuluqda olan Yuxarı Xəndək kənd orta məktəbini bitirdikdən sonra Tbilisi Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1975-1980). İmir Məmmədli 80-ci illərdə Tbilisiyə köçmüş və 1985-ci ildə Gürcüstan Dövlət Radio və Televiziya Şirkətində, Gürcüstan Yazıçılar İttifaqında, “Sovet Gürcüstanı” qəzeti redaksiyasında çalışmışdır.

1990-cı illərin axırlarında Gürcüstan dövlət başçısı aparatında məsləhətçi, müşavir (1992-1996), Gürcüstan Dövlət Dəftərxanasında millətlərarası münasibətlər üzrə referent (1996-2000) olmuş, Gürcüstan Prezidenti Regional Siyasət və İdarəetmə Xidmətinin rəis müavini vəzifəsinə qədər yüksəlmişdir.

Hazırda Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkətində radionun “Ədəbiyyat və İncəsənət” departamentinin direktorudur. Gürcüstan Yazıçılar İttifaqı nəzdində Azərbaycan Yazıçılar Bölməsinin sədridir.

Ədəbi fəaliyyətə orta məktəb illərindən başlamışdır. Azərbaycan və gürcü dillərində yazıb yaradır. Əsərləri dövri mətbuatda dərc olunur. Onun elmi-publisistik yaradıcılığı və tərcümə fəaliyyəti 20-dən çox kitabda, 100-ə qədər publisistik məqalələrdə öz əksini tapmışdır. Şota Rustavelinin “Pələng dərisi geyinmiş cəngavər” poemasını ilk dəfə orijinaldan Azərbaycan dilinə poetik tərcümə etmişdir. Məhəmməd peyğəmbərin kəlamlarını, Yunus İmrənin şeirlər toplusunu, Aşıq Ələsgərin əsərlərini və müasir Azərbaycan poeziyasından nümunələri gürcü dilinə çevirmişdir.

Azərbaycan Ziyalılar Cəmiyyətinin Fəxri üzvü (1997), Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin üzvü (1998), Dünya Azərbaycanlılarının I qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü (2001) seçilmişdir. Xidmətlərinə görə Gürcüstan dövlət mükafatları – Ləyaqət ordeni (1998) və Tbilisi Sədaqət medalı (1999) ilə təltif edilmişdir.

Gürcüstan radiosu üçün ötən əsrin sonlarında onun şeirlərini öz ifasında lentə alaraq “Poeziya dəqiqələri” silsiləsindən efirdə dəfələrlə səsləndirmişik. Həmin şeirlər şəxsi arxivimdə qorunub saxlanılır. İndi  İmirsevərlərin, ümumiyyətlə, poeziya həvəskarlarının marağını nəzərə alaraq həmin lent yazılıarını Yutuba və saytımıza yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu