Həsən Sadıqlının öz ifasında bir neçə şeiri

Sadıqov Həsən  Alı oğlu 1928-ci ildə Qaraçöpün  Əyrəm kəndində anadan olub.  Orta məktəbi, sonra isə Gavet (Kakabeti) və Tiflis Pedaqoji Texnikunlarını bitirib, təhsilini V.L. Adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki N. Tusi adına Azərbaycan Pedaqoji Universitetinin) dil-ədəbiyyat faskültəsində davam etdirib.

Həsən Sadıqlı Ləmbəli və Düzəyrəm kənd orta məktəblərində  dil və ədəbiyyat  dərslərini tədris edib, öz tələbkarlığı, pedaqoji bacarığı ilə böyük nüfuz qazanıb. Uzun müddət Düzəyrəm kənd orta məktəbinin dərs hissə müdiri və direktoru işləyib. Qaraçöpdə  və ondan kənarda yaşaylb-işləyən kadrların yetişməsində onun böyük rolu olub.

Həsən Sadıqlı pedaqoji və ictimai fəaliyyəti ilə yanaşı, həm də  gözəl söz ustası idi. Cavan yaşlarından könlünü poeziyaya vermiş, qoşquları təkcə Qaraçöpdə deyil, Qarayazıda, Qabalda, Borçalıda, Qazaxda, Tovuzda, Gəncəbasarda dildə-ağızda gəzir. O, bölgənin söz xiridarları ilə deyişib, coşqun ruhu, tutumlu  misraları ilə könülləri fəth edib. Onun  deyişmələri əsasında məclislərdə bütöv əhvalatalar söylənilir, qoşma və gəraylıları  aşıqların dilinin əzbəridir.

Həsən müəllim 2003- cü ildə dünyasını dəyişib.

P.S. Düz iyirmi il bundan əvvəl İftixar Piriyev Həsən müəllimin  Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində kitabının təqdimatını təşkil etmişdi. Tədbirdən öncə  fürsətdən istifadə edib Həsən müəllimin öz ifasında şeirlərini lentə aldım. Bir müddət bu lent yazıları  vaxtaşırı “Poeziya dəqiqələri” silsiləsindən Gürcüstan radiosunda səsləndirilirdi. Sonralar radio bağlandı.Həmin lent yazıları mənim şəxsi arxivimdə qorunub saxlanılır. İndi poeziya həvəskarlarının marağını nəzərə alaraq bu lent yazılarını  saytımıza və Yutuba yerləşdirirəm. Allah ona rəhmət eləsin, yeri behişt olsun, amin!

Hörmətlə:  Mirzə Məmmədoğlu