Gürcüstan radiosunun qızıl fondundan.“Ulduz” operettasından Məhəmmədlə Züleyxanın dueti

Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada doğulub. Konservatoriyanı bitirib (1948). Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru (1949-1965), Mədəniyyət Nazirliyində İncəsənət şöbəsinin müdiri, Dövlət Radio və Televiziya Xalq Çalğı Alətləri orkestrinin dirijoru, Musiqili Komediya Teatrının direktoru, baş dirijoru işləyib. Yaradıcılığında operetta janrı əsas yer tutur. “Ulduz” (1948), “Özümüz bilərik” (1962), “Olmadı elə, oldu belə” (1964), “Milyonçunun dilənçi oğlu” (1966), “Hardasan ay subaylıq” (1968), “Sevindik qız axtarır” (1970), “Həmişəxanım” (1971), “Məhəbbət gülü”,”Subaylardan görəsiz”, “Gurultulu məhəbbət” operettaları Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində bu gün də oynanılır. Bundan başqa, onun “Bahadır və Sona”, “Solğun çiçəklər” operaları, bir neçə kantata, “Gənclik” və “Vətən” simfoniyaları, “Bayatı-Şiraz” simfonik muğamı, simfonik poema və süitaları, 3 tar konserti, 200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), “Tarantella”, “Rəqs-tokkata”,”Rondo”, “Aşıqvari”, Qanun aləti üçün yazdığı “Poema”(“Rapsodiya”) və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir.

1972-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri kimi çalışmışdır.

Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə dünyasını dəyişib.

P.S. Gürcüstan radiosunun qızıl fondunda bu bəstəkarın “Ulduz”  operettasından səhnəcik, parçalar Məhəmmədlə Züleyxanın dueti qorunub  saxlanılır.

İndi  musiqisevərlərin marağını nəzərə alaraq “Ulduz” operettasından Məhəmmədlə Züleyxanın duetini  saytımıza, eləcə də Yutuba yerləşdiririk.

Hörmətlə: Mirzə Məmmədoğlu