Gürcüstan radiosunun qızıl fondundan.Səttar Axundovun “Yeni duyğular” adlı birpərdəli pyesinin montajı

Səttar Axundov 1914-cü ilin aprel ayında Qaryagin qəzasının Alxanlı kəndində ruhani ailəsində doğulmuşdur. O, ömünün 34 ilini yaradıcılığa sərf etmişdir. 1942-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü idi. İndiyədək dramaturqun M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında (“Zərif tellər” 1951), Naxçıvan, Gəncə, Xankəndi (“Dostlar”) və başqa dövlət teatrlarında, habelə bir sıra xalq teatrlarında 35 əsəri tamaşaya qoyulmuşdur.

Yazıçının 1941-ci ildə yazdığı “Çətin dərə” pyesinin mövzusu sovet adamlarının alman-faşist işğalçılarına qarşı vətənpərvərlik müharibəsindən götürülmüşdür. Əsər 1942-ci ildə tamaşaya qoyulmuş və böyük müvəffəqiyyət qazanmışdır. “Çətin dərə” və “Qayğı” (1944) pyesləri M. Qorki adına Gənc Tamaşaçılar Teatrında oynanılmışdır.

S.Axundov bundan başqa iyirmidən artıq birpərdəli pyesin müəllifidir. Onun kiçik həcmli pyesləri, əsas etibarilə, Azərbaycan kəndlərində gedən geniş quruculuq işlərini əks etdirirdi.

Uzun müddət xalq yaradıcılığı evində işləməsi Səttar Axundovu Azərbaycanın xalq özfəaliyyət teatrlarına yaxınlaşdırmışdır. O, özünün kiçik pyeslərini yazarkən rayon mərkəzlərindəki klub və mədəniyyət evlərinin səhnə imkanlarını, habelə həvəskar artistlərin ifaçılıq səviyyəsini nəzərə almışdır. Bir çox şəhər və qəsəbələrin gəncləri S. Axundovun əsərlərini zəhmətkeşlər qarşısında tamaşaya qoymaqla həm onların ideyalarından qidalanmış, həm də teatr mədəniyyəti ilə yaxından tanış olmuşlar. Bu əsərlər isə dinləyici, oxucu və tamaşaçıları vətənə, əməyə, dostluq və sədaqətə, əxlaq prinsiplərinə məhəbbət, ictimai-mədəni inkişafın yolunda əngəl olanlara, vətənin düşmənlərinə nifrət ruhunda tərbiyələndirirdi.

Səttar Axundov 1949-cu ildən respublika xalq yaradıcılığı evində folklor şöbəsinin (poeziya bölməsində) baş metodisti işləyirdi. Onun bu sahədəki fəaliyyəti də çox səmərəli idi. O, 150 min misra aşıq şeiri, bayatı, atalar sözü, 15 dastan, 100 xalq nağılı və s. toplayıb nəşr etdirmişdir. 12 min misradan ibarət “Aşıqlar”, “Dəniz haqqında nəğmə”, “Çoban Əfqan”, “Aşıq Bilal” və s. kitablarını da S. Axundov tərtib etmişdir.

Ədib yaradıcılığının hər iki qolunu ömrü boyu davam etdirmişdi. Həm xalq poeziyası nümunələrini toplayır, həm də yeni-yeni dram əsərləri yaratmışdı. Onun yazmış olduğu “Düşərgədə nişan” komediyasını Ağdam Dövlət Dram Teatrı öz repertuarına daxil etmişdi. Böyük sənətkar “Həyasız qonaq” komediyasını yazıb bitirmişdi.

Səttar Axundovun “Qaragilə”, “Məhəbbət nişanəsi”, “Eloğlu Araz” adlı kitabları var.

Elanı var. Elanı oxuyur ötən əsrin 60-cı illərində Gürcüstan radiosunda diktor işləyən Həmid Vəliyev.

Hörmətlə: Mirzə Məmmədoğlu