Əli Faxralı (Əli Qurban oğlu Məmmədov) 1926-cı ildə Gürcüstanın Bolnisi rayonundakı Faxralı kəndində (indiki Talavera) anadan olmuşdur. O, uşaqlıq yaşlarından görkəmli el şairi Faxralı Misgin Nəbinin məclislərində iştirak etmiş, onun yaradıcılığının məftunu olmuşdur.
Əli Faxralı 1943-cü ildə Qaş Muğanlı (Böyük Muğanlı) kəndinə köçmüş, burada ailə qurmuşdur. Yaradıcılığa başladığı ilk gündən boya-başa çatdığı doğma kəndinin adını adına yaraşdırmış, özünə təxəllüs götürmüşdür. Şeirlərinin çoxu aşıq şeiri üslubundadır.
Tbilisidə nəşr olunan “Ellər var olsun” (2000-ci il) və “Unutmaz ellər məni” (2002-ci il) adlı iki sanballı kitabın müəllifi Əli Faxralı fitri istedada, güclü təbə, qibtə ediləcək yaddaşa malik bir el şairi idi. Qoşmaları, gəraylıları aşıqlar və müğənnilər tərəfindən toy məclislərində tez-tez oxunur. El arasında əliyüngül sınıqçı kimi də tanınırdı. Bir neçə il bundan əvvəl dünyasını dəyişmişdir. Allah rəhmət eləsin. Amin!
2000-ci il avqustun 14-də onun öz ifasında bir neçə şeirini lentə alaraq Gürcüstan radiosunda vaxtaşırı səsləndirmişik. Radio bağlanandan sonra bu lent yazısı şəxsi arxivimdə qorunub saxlanılır. İndi poeziya həvəskarlarının marağını nəzərə alaraq bu lent yazılarını saytımıza və Yutuba yerləşdirirəm.