Tbilisidə “Heydər Əliyev - Tale Ziqzaqları” kitabının təqdimatı keçirildi

Gürcüstanın Milli Elmi Akademiyasında bu gün Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə  Nikoloz Zenkoviçin “Heydər Əliyev – Tale Ziqzaqları” kitabının gürcü dilinə tərcüməsinin təqdimatı keçirildi. Tədbiri Azərbaycanın Gürcüstandakı səlahiyyətli səfiri Dursun Həsənov açdı. O, Heydər Əliyevin fəaliyyəti, Azərbaycan siyasətindəki, Azərbaycanın müasir tarixindəki rolu haqqında söz etdi. Cənab səfir ulu öndər Heydər Əliyevin dünya siyasətindəki rolu haqqında da danışdı.  Səfir Heydər Əliyevin Gürcüstana olan dostluq və səmimi münasibətini də tədbir iştirakçılarına xatırlatdı.
Tədbirdə daha sonra sözlə Gürcüstanın milli elmi akademiyasının prezidenti Qiorqi Kvesitadze çıxış etdi və Heydər Əliyevin dünya siyasətindəki rolu haqqında danışdı. Azərbaycan Parlamentinin deputatı Rasim Musabeyov də tədbirdə çıxışı zamanı Heydər Əliyev şəxsiyyətinin fenomeni haqqında söz etdi, xüsusi ilə də ulu öndərin Gürcüstan-Azərbaycan əlaqələrinə yönəltdiyi diqqəti haqqında danışdı.
Nikolay Zenkoviçin yeni əsərinin diqqət mərkəzində Heydər Əliyevin qeyri-ordinar və maraq oyadan obrazı durur. Kitabı tərcüməçi professor Cabuki Kiriya tərcümə edib.  Tədbirdə iştirak edən Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Azərbaycan-Türkiyə qardaşlığında Heydər Əliyevin xüsusu rolunu vurğuladı.
Tədbir çərçivəsində həmçinin “Dostluq” filminin nümayişi baş tutdu. Xatırladaq ki, Milli lider Heydər Əliyevin vəfatından 15 illiyə həsr olunmuş tədbir Gürcüstanın Milli Elmi Akademiyası və Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə ilə keçirildi.

Hazırladı: Leyla Əkbərova, Emil Əliyev