Serqey Lavrov - Blinkenlə görüşdə NATO-nun şərqə doğru genişlənməməsi tələbini təkrarladıq
Serqey Lavrov - Blinkenlə görüşdə NATO-nun şərqə doğru genişlənməməsi tələbini təkrarladıq

Rusiyanın xarici işlər naziri Serqey Lavrovun sözlərinə görə, Rusiya tərəfi Ukraynaya hücum etmək fikrində deyil. Bunu Rusiyanın xarici işlər naziri ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Siz deyirsiniz ki, biz Ukraynaya hücum edəcəyik, lakin biz dəfələrlə bunun belə olmadığını bildirmişik. Rusiya heç vaxt Ukrayna xalqını təhdid etməyib”, – Lavrov deyib.

Lavrovun sözlərinə görə, Kreml hesab edir ki, Ukrayna məsələsi böyük diqqətə layiqdir, lakin “Avropa təhlükəsizliyinin bütün arxitekturasını bu məsələyə ixtisar etmək olmaz”.

“Əlbəttə, bu gün biz seçim azadlığı, hərbi ittifaqları seçmək azadlığı ilə bağlı dəfələrlə arqumentlər eşitmişik. Blinkenlə görüşdə biz NATO-nun şərqə doğru genişlənməməsi ilə bağlı tələbimizi təkrarladıq”, – Lavrov bildirib.

Rusiyalı diplomatın sözlərinə görə, NATO Rusiya Federasiyasının əleyhinə işləyir, ona görə də Moskva blokun şərqə doğru genişlənməsinə qarşıdır.

Lavrov bildirib ki, görüşün sonunda ABŞ dövlət katibi Entoni Blinken ona təhlükəsizlik zəmanətləri ilə bağlı gələn həftə Moskvaya yazılı cavab verəcəyini vəd edib.

ABŞ və Rusiya Xarici İşlər nazirliklərinin nümayəndələri bu gün Cenevrədə görüşüblər. Bu, onların üçüncü görüşü idi. Birincisi 2021-ci ilin mayında Reykyavikdə Arktika Şurasının Nazirlər Şurasının iclasında, ikincisi isə 2021-ci ilin dekabrında ATƏT çərçivəsində Stokholmda baş tutub. 2021-ci ilin sonunda Kreml ABŞ və NATO ilə strateji təhlükəsizlik təminatlarına dair iki saziş layihəsini açıqlayıb.